Elmi Şuranın növbəti iclası keçirildi
Dekabrın 29-da Elmi Şuranın növbəti iclası keçirildi. Rektor, professor Elxan Hüseynov şura üzvlərini qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni il bayramı münasibəti ilə təbrik etdi. Universitetin son illərdəki fəaliyyətini, illik hesabatı, əldə olunan nəticələri yüksək qiymətləndirərək hər kəsə universitetin elmi və ictimai həyatında bundan sonra da daha fəal iştirak etməsini arzuladı. Bildirdi ki, bu gün universitetimizdə bayram bayrama qarışıb. Beləki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən verilən Qiyabi, distant və əlavə təhsil üzrə prorektor Qafar Atayev, Fizikanın tədrisi metodikası kafedrasının müdiri Fuad Məmmədov, həmin kafedranın müəllimi Rəsmiyyə Məmmədovaya dosent, Dünya iqtisadiyyatı kafedrasının müəllimi Şəfa Əliyevə iqtisad elmləri üzrə fəlsəfə doktoru, Folklorşünaslıq elmi – tədqiqat laboratoriyasının müdiri Aslan Bayramova professor, Elm və İnnovasiyalar üzrə prorektor Ramazan Məmmədova Rusiya Təbiət Elmləri Akademiyasının diplomlarını təqdim edən rector onlara elmi pedaqoji fəaliyyətlərində böyük nailiyyətlər arzuladı.
Sonra gündəlikdə duran məsələlərin müzakirəsinə başlandı.
2016-2017-ci ilin payız imtahan sessiyasına hazırlığın vəziyyəti barədə Tədris Metodik Mərkəzin direktoru dosent İsabal Qurbanov məruzəsi ilə ətraflı çıxış edərək imtahanların obyektiv, şəffaf keçirilməsi ilə bağlı hər cür şərait yaradıldığını, eyni zamanda yazılı imtahan verəcək tələbələrin yazı işlərinin vaxtlı-vaxtında və obyektiv yoxlanılmasına nəzarət olunduğunu diqqətə çatdırdı.
2016-cı ildə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin hesabatı barədə Elmi hissənin müdiri dosent Qadir Mənsurovun yekun hesabatı dinlənildi.
Rusiya və Azərbaycan Ali Təhsil Müəssisələri Assosiasiyasının II forumuna və Gənc alimlərin X Beynəlxalq “Elm və texnikanın aktual problemləri-2017” mövzusunda elmi praktik konfransına hazırlıq barədə Elm və İnnovasiyalar üzrə prorektor professor Ramazan Məmmədov məlumat verərək görüləcək işlərdən danışdı.
Cari məsələlərin müzakirəsində professor məsləhətçi vəzifəsinin yaradılması qərara alındı. Elmi katib professor Aqil Hüseynov Elmi Şuranın qərarını oxudu. Qərarda şuranın işinin qənaətbəxş hesab edildiyi bildirilirdi.
Mətbuat xidməti