Universitetin üç ixtisası Avropa standartlarına uyğun sayılaraq akkreditasiya olundu
Sumqayıt Dövlət Universitetinə Almaniyanın Təhsil Proqramları üzrə Akkreditasiya Agentliyi (ASİİN) və Mühəndislik üzrə Akkreditasiya üçün Avropa Şəbəkəsi (ENAEE) tərəfindən akkreditasiya şəhadətnaməsi verildi. Universitetdə tədris olunan üç ixtisas: bakalavr pilləsində - “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” və “Elektroenergetika mühəndisliyi”; magistratura pilləsində isə “Enerji menecmenti” ixtisasları Avropa Standartlarına uyğun ixtisaslar olaraq akkreditasiya olundu.
SDU-da tədris olunan bu üç ixtisasın Avropa standartlarına uyğun sayılaraq akkreditasiya olunması Azərbaycan Respublikası Təhsil Nazirliyinin tərəfdaşlığı ilə Sumqayıt Dövlət Universitetində “Azərbaycan üçün mühəndis təhsilində tədris prosesinin Bolonya prosesinə uyğunlaşdırılması” 516678 TEMPUS-1-2011-DE-TEMPUS – JPCR layihəsi çərçivəsində görülmüş iş sayəsində həyata keçirildi.
Qeyd edək ki, akkreditasiyadan keçmək üçün xüsusi keyfiyyət meyarları və standartlar mövcuddur. Həmin meyarlara təhsil müəssisəsinin maddi - texniki, normativ- hüquqi sənədlər bazası, professor-müəllim heyətinin tərkibi, təhsilalanların biliyinin qiymətləndirilməsi və digər meyarlar əsasında akkreditasiya komissiyası faktları yerində araşdırır, tələbələrin bilikləri qiymətləndirilir, təhsil müəssisəsinin, onun hazırladığı kadrların dövlət təhsil standartlarına uyğun olub-olmaması müəyyənləşdirilir və həmin ixtisas üzrə kadr hazırlığının davamlığına icazə verilir.
Mətbuat xidməti