Şagirdlərin "açıq qapı" günündə iştirakı məktəbdən ali məktəbə körpüyə çevrildi
Azərbaycanın kompleks inkişafını intellektual potensialın formalaşmasında, iqtisadi potensialın intellekt kapitalına çevrilməsində görən ölkə başçısı cənab İlham Əliyev elmin təhsilə inteqrasiyasını əsas götürərək imzaladığı fərman və sərancamlar, qəbul etdiyi dövlət proqramları ilə ulu öndər Heydər Əliyevin “Təhsil –millətin gələcəyidir” kəlamını gerçəyə çevirir, cəmiyyətin tərəqqisi üçün mühüm layihələr gerçəkləşdirir. Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Bu gün ölkəmizdə yüksək savadlı, bilikli, elmli insanlar var. Onların sayəsində dövlətimiz bir çox nailiyyətlərə, uğurlara imza atır. Sumqayıt Dövlət Universitetinin qarşısında duran ən böyük hədəf dövrün çağrışlarına cavab verməklə yanaşı, dünyanın nüfuzlu elm ocaqları sırasında olmaqdır. Bu məqsədlə bir çox müqavilələrə imza atır, əməkdaşlığı genişləndirir, tanınmış mütəxəsisləri, alimləri tədris prosesinə cəlb etməklə kadr potensialını inkişaf etdirir, ustad dərslərini, orta məktəb şagirdlərinin universitetə ekuskursiyasını təşkil etməklə tələbə potensialının formalaşması üçün çevik siyasət yürüdür. Sumqayıt Dövlət Universitetinin və Sumqayıt şəhər Təhsil Şöbəsinin birgə təşəbbüsü ilə şəhərimizdə yerləşən orta məktəb, gimnaziya və liseylərin XI sinif şagirdləri üçün fevralın 2-dən 14-dək təşkil olunan "açıq qapı" günləri də bu məqsədə xidmət edir.
Qeyd edək ki, Sumqayıt məktəblərinin yuxarı siniflərində oxuyan şagirdləri arasında tanıtım münasibəti ilə təşkil olunmuş ekskursiya artıq ənənə halı alıb. Belə ekskursiyalar vasitəsilə şagirdlər həm ixtisas seçimini müəyyənləşdirir, gələcəkdə hansı təhsil müəssisənin tələbəsi adını qazanmaq qənaətinə gəlir, seçdikləri ixtisasların əmək bazarında yerini təyin edir. Humanitar Məsələlər üzrə prorektor dosent Ramiz Hüseynov SDU-nun elmi-intellektual potensialı, beynəlxalq nüfuzu, qazandığı uğurlar barədə geniş məlumat verərək bildirdi ki, universitetimiz fəaliyyət göstərdiyi 55 il ərzində böyük inkişaf yolu keçərək yüksək ixtisaslı kadrlar hazırlayan çox şaxəli ali təhsil ocağına çevrilmişdir.
Qloballaşan dünyanın çağdaş inkişaf meyilləri bir sıra yeni ixtisaslar üzrə kadr hazırlığını aktual məsələ kimi önə çıxardığından, son illər universitetdə bu məsələyə ciddi diqqət yetirilir. Bunlardan müasir dövrün tələblərinə uyğun olan bir çox kafedralar və yeni laboratoriyalar yaradılmışdır. Tələbələrin asudə vaxtının səmərəli təşkili üçün şahmat lövhəsi inşa edilmiş, süni örtüklü futbol meydanı, voleybol və basketbol meydançaları, stolüstü oyunlar üçün köşklər qurulmuşdur. Prorektor onuda vurğuladı ki, bu günlərdə universitetimiz Almaniyanın Təhsil Proqramları üzrə Akkreditasiya Agentliyi (ASİİN) və Mühəndislik üzrə Akkreditasiya üçün Avropa Şəbəkəsi (ENAEE) tərəfindən akkreditasiya şəhadətnaməsi almış, universitetdə tədris olunan üç ixtisas: bakalavr pilləsində - “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” və “Elektroenergetika mühəndisliyi”; magistratura pilləsində isə “Enerji menecmenti” ixtisasları Avropa Standartlarına uyğun ixtisaslar olaraq akkreditasiyadan keçmişdir.
Universitet haqqında ətraflı məlumat alan şagirdlər ilk olaraq xalqımızın ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin adını daşıyan Mərkəzdə oldular, Ulu Öndərin uşaqlıq, yeniyetməlik, tələbəlik, Dövlət Təhlükəsizlik Komitəsində işlədiyi dövr, hakimiyyətdə olduğu illəri əks etdirən fotolara baxdılar.
Sonra gələcəyin tələbələri yüksək ixtisaslı professor-müəllim heyətinin çalışdığı fakültələrlə, yeni cihaz, avadanlıqlarla, “ağıllı lövhə”lərlə təmin edilmiş auditoriyalarla, laboratoriyalarla, müasir və zəngin ədəbiyyatlarla təchiz olunmuş kitabxanada yaradılan şəraitlə yaxından tanış oldular. Universitetin tanıtım çarxını izlədilər.
Şagirdlər gələcəkdə Sumqayıt Dövlət Universitetində təhsil almaq arzusu ilə şəhərimizin yeganə ali təhsil müəssisəsindən xoş təəsüratlarla ayrıldılar.
Mətbuat xidməti