Vətənimiz bu gün dünyada idman ölkəsi kimi tanınır
Sağlam cəmiyyət sağlam gələcək deməkdir. Sağlam cəmiyyəti formalaşdırmağın yolu, elə idmandan keçir. Bu gün idmanımız yüksələn xətlə ildən-ilə inkişaf edərək uğurlu nəticələrə nail olur. Prezident cənab İlham Əliyevin “Bizim istəyimiz idmançılarımızın beynəlxalq yarışlarda qələbə qazanaraq medallar əldə etmələri ilə yanaşı sağlam böyümələridir» fikrini rəhbər tutan universitetimizin rektoru professor Elxan Hüseynov gənclərimizin nəinki elm, savad almalarına, idman sahəsinə də, böyük diqqət və qayğı göstərir. Ölkəmizdə idmanın kütləviliyi günü-gündən artır. Azərbaycan bu gün dünyada idman ölkəsi kimi tanınaraq bir sıra mötəbər yarışlara ev sahibliyi edir. 2015-ci ildə Avropa, 2017-ci ildə İslam Həmrəyliyi Oyunları keçiriləcəkdir. Bu Oyunların Azərbaycanda keçirilməsi bir daha onu göstərir ki, Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik olan bir ölkədir.
Çox sevindirici haldır ki, Azərbaycanın medal xəzinəsinə növbəti medalı qaydasız döyüş növü üzrə idmançı tələbəmiz gətirdi. Qaydasız döyüş növü üzrə təmsilçimiz, idman ustası, cüdo üzrə milli yığmanın üzvü, Fizika və elektroenergetika fakültəsinin III kurs tələbəsi Vüsal Həsənov (96 kq) çəkisində Gürcüstanın Rustavi şəhərində keçirilən Qubernator kubokunun əldə etmək uğrunda döyüşə qatılaraq gümüş medala gedən yolda erməni əsilli Ukrayna idmançısını təmiz qələbə ilə məğlub edərək ölkəmizi və universitetimizi uğurla təmsil etdi. Bir sözlə bu gün idmançı tələbələrimizin səsi beynəlxalq arenalardan gəlir. Onlar üçrəngli bayrağımızı dalğalandıraraq ölkəmizi və universitetimizi layiqincə təmsil edirlər. Onların möhtəşəm uğurlu çıxışları Azərbaycan idmanının sürətli inkişafının ifadəsidir.
Qeyd edək ki, tələbəmiz Vüsal Həsənov beynəlxalq səviyyəli tədbirdə əldə etdiyi uğurlarına görə Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən Fəxri Fərmanla təltif olundu.
Mətbuat xidməti