Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Azərbaycan xalqına qarşı soyqırımları tarixində Xocalı” mövzusunda elmi konfrans keçirildi
Yerləşdirilmə tarixi : 22 Fevral 2017 15:29
“Azərbaycan xalqına qarşı soyqırımları tarixində Xocalı” mövzusunda elmi konfrans keçirildi

 Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbərinin imzaladığı “Xocalı soyqırımının iyirmi beşinci ildönümünün keçirilməsinə dair tədbirlər planı haqqında” sərəncama əsasən universitetimizdə  bütün fakültələrdə anım tədbirləri keçirilir və Xocalı soyqırımının şahidləri ilə görüşlər təşkil olunur. Belə tədbirlərin davamı olaraq fevralın  22-də SDU-da AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu ilə birgə “Azərbaycan xalqına qarşı soyqırımları tarixində Xocalı” mövzusunda elmi konfrans keçirildi. 
Tədbir iştirakçıları əvvəlcə universitetin foyesində təşkil edilmiş sərgidə Xocalıda baş verən qanlı faciələri əks etdirən fotoşəkillər, qəzet və jurnal materialları və kitablarla tanış oldular. 
Xocalı soyqırımı qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
 Konfransı giriş sözü ilə universitetin rektoru professor Elxan Hüseynov açaraq bildirdi ki, amansızlığına, qəddarlığına görə bəşər tarixinə qanlı iz salmış, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş Xocalı qətliamından bizi 25 il ayırır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verən Xocalı soyqırımı bəşər tarixində ən qanlı faciələrdən biridir. Azərbaycanın tarixinə qanlı hərflərlə yazılmış həmin gecədə erməni silahlı dəstələri hələ SSRİ dövründən Xankəndi şəhərində yerləşən, şəxsi heyətinin xeyli hissəsi ermənilərdən ibarət olan 366-cı motoatıcı alayın zirehli texnikasının və hərbçilərinin köməyi ilə qədim Xocalı şəhərini yerlə-yeksan etdilər. Xocalı faciəsi 200 ilə qədər bir müddətdə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardıqları etnik təmizləmə və soyqırımı siyasətinin davamıdır. Soyqırımı zamanı 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralandı. 1275 nəfər əsir götürüldü.  Erməni təcavüzkarlarının törətdikləri bu vəhşilik yaddaşlardan heç zaman silinməyəcək. Rektor onu da vurğuladı ki,  o zamankı Azərbaycan hakimiyyəti bu dəhşətli hadisəyə siyasi qiymət verilməsi, qanlı qırğın barədə obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılması üçün heç bir əsaslı iş görmədi. Yalnız ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəldikdən sonra həmin qanlı faciəyə hüquqi-siyasi qiymət verildi. 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı soyqırımı günü kimi elan etdi.Hər il bu müdhiş faciənin ildönümü respublikamızda və dünyanın müxtəlif ölkələrində ürəkağrısı ilə qeyd olunur. Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi  Heydər Əliyev Fondu, xüsusi olaraq Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində də hər il silsilə tədbirlər reallaşdırılır. Həyata keçirilən ardıcıl və kompleks tədbirlərin məntiqi nəticəsi olaraq yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğat maşınının iç üzü ifşa olunur. Artıq Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərarlarında, qətnamələrində əksini tapır. Xalqımız qəti əmindir ki, ədalət mütləq yerini tutacaq. Rektor Elxan Hüseynov onu da diqqətə çatdırdı ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatıdırılması, onun soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl addımlar atır.
AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov “Türk-müsəlman xalqlarına qarşı soyqırımları tarixində Xocalı” mövzusunda məruzə ilə çıxış edərək  qeyd etdi ki, institutda aparılan elmi tədqiqatların mühüm istiqamətlərindən biri xalqımıza qarşı ermənilərin həyata keçirdiyi soyqırımlar tarixinin tədqiqidir: “Tarix İnstitutunda son onillikdə dünyanın müxtəlif ölkələrindən Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımı əks etdirən külli miqdarda arxiv sənədləri gətirilərək toplu şəklində nəşr olunub və Azərbaycan tarixçiləri bu sənədlər əsasında ölkəmizin bütün bölgələrində həyata keçirilmiş soyqırımlara ayrı-ayrılıqda tədqiqat əsərləri həsr ediblər. 1914-1918-ci illərdə böyük dövlətlərin fəal köməyi ilə terrorçu-ekstremist erməni təşkilatlarının Azərbaycanın və Şərqi Anadolunun türk-müsəlman əhalisinə qarşı həyata keçirdiyi soyqırımları dünya tarixinin ən dəhşətli soyqırımlarıdır. Sovet tarix elminə mətin bolşeviklərdən biri kimi daxil edilən Stepan Şaumyan əslində, erməni millətçilərinin ən ifrat və ən iri terrorçu təşkilatı olan “Daşnaksütyun” partiyasının üzvü olub. Təkcə XX əsrdə azərbaycanlılar 4 dəfə - 1905-1906, 1918-1920, 1948-1953 və 1988-1993-cü illərdə kütləvi qırğınlara, soyqırımlarına və etnik təmizləmələrə məruz qalıb: “Xocalı faciəsi 200 illik qanlı tariximizin son soyqırımıdır”. İnstitut direktoru onu da bildirdi ki, apreldə “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda dördüncü beynəlxalq elmi konfrans keçiriləcək: “Konfransda Azərbaycan tarixçiləri ilə yanaşı, dünyanın müxtəlif ölkələrindən olan alimlər iştirak edəcək və ermənilərin azərbaycanlılara, ümumilikdə türk-müsəlman xalqlarına qarşı həyata keçirdikləri deportasiya və soyqırımlarından danışılacaq”.
SDU-nun Tarix və coğrafiya fakültəsinin dekanı professor Adil Baxşəliyev  “XX əsrin ən böyük faciəsi - Xocalı soyqırımı”,  AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun direktor müavini tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov “1948-1953-cü illərdə azərbaycanlıların deportasiyası soyqırımı cinayətidir”,  SDU-nun Avropa və Amerika ölkələrinin yeni və ən yeni tarixi kafedrasının müdiri professor Şirxan Səlimov  “Ermənilərin Şamaxıda törətdiyi soyqırım (1918-ci il)”, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun tarix üzrə fəlsəfə doktoru Güntəkin Nəcəfli “Azərbaycanda və Şərqi Anadoluda törədilmiş soyqırımları yeni arxiv sənədlərində” mövzularında məruzələrlə çıxış etdilər.
Konfransda Tarix İnstitutunun şöbə müdiri professor Şahin Fazil Xocalı soyqırımına həsr etdiyi şeiri böyük ürəkağrısı ilə səsləndirdi.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az