Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Sumqayıt Dövlət Universitetində Tələbə Gənclər Təşkilatı və YAP Gənclər Birliyinin təşəbbüsü ilə tədbir keçirildi. Universitetin həyətində çoxsayda tələləbənin iştirakı ilə flashmob nümayiş etdirildi.
Böyük Akt zalında davam edən tədbirdə Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin və Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Universitetin rektoru professor Elxan Hüseynov çıxış edərək ermənilərin zaman-zaman xalqımıza qarşı törədikləri vəhşiliklərin, ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində dəhşətli bir genosid aktı olduğunu bildirdi. Soyqırım qurbanlarının xatirəsinin xalqımız və dövlətimiz tərəfindən daim əziz tutulduğunu diqqətə çatdıran rektor qeyd etdi ki, Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi ilə əlaqədar olaraq universitetimizdə və Sumqayıt Dövlət Texniki Kollecində silsilə anım tədbirləri keçirilir, ilk dərs saatları Xocalı soyqırımına həsr edilir. Rektor onu da əminliklə vurğuladı ki, Ali Baş komandan, prezident cənab İlham Əliyevin rəhbərliyi ilə tezliklə bütün işğal olunmuş torpaqlarımız azad ediləcək və üçrəngli bayrağımız doğma Qarabağımızda dalğalanacaq.
Tədbirdə şahid qismində Xocalı hadisələrinin ağrı–acısını yaşamış Aydın Əliyev çıxış edərək mühasirəyə düşməsindən, dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirilməsindən, əsir götürülən insanların isə dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldığından söhbət açdı.
Sonra tələbələrin hazırladığı Xocalı soyqırımına həsr olunmuş ağrılı-acılı müharibə illərini canlandıran səhnələr nümayiş etdirildi və onların ifasında vətənpərvərlik ruhunda musiqi parçaları səsləndirildi. Tədbir “Xocalıya həsrət” adlı ədəbi-bədii kompozisiya ilə yekunlaşdı.
Mətbuat xidməti