Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Mülki Müdafiə milli maarifçiliyin tərkib hissəsidir
Yerləşdirilmə tarixi : 01 Mart 2017 15:20
Mülki Müdafiə milli maarifçiliyin tərkib hissəsidir

Martın 1-də  Sumqayıt Dövlət Universiteti və Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin təşkilatçılığı ilə Ümumdünya Mülki Müdafiə Günü qeyd olundu. 
Tədbiri açan Humanitar məsələlər üzrə prorektor dosent Ramiz Hüseynov ölkəmizdə və dünyada baş verən son hadisələrdə mülki müdafiənin önəmini vurğulayaraq maarifləndirmə məqsədi ilə keçirilən bu cür tədbirləri yüksək qiymətləndirdi.
Sumqayıt Regional Mərkəzinin Təlim və əməliyyat planlaşdırma idarəsinin rəisi mayor Rafiq Həsənov “Mülki Müdafiə yaranması” mövzusunda çıxış edərək  bildirdi ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə elan olunan bu gün bütün qitələrdə kütləvi humanitar tədbir kimi qeyd edilir. Azərbaycan bu nüfuzlu beynəlxalq təşkilata  1993-cü ildə üzv olub. Beynəlxalq Mülki Müdafiə Günü hər il konkret bir problemə həsr edilir. Əhalinin müdafiəsini təşkil etmək, fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığını təmin etmək mülki müdafiə orqanları qarşısında mühüm vəzifə kimi durur. Belə tədbirlər mülki müdafiənin vacibliyi və əhəmiyyəti barədə insanların maarifləndirilməsinə xidmət edir. Son  illər  ölkəmizdə  bu sahəyə  xüsusi diqqət yetirilir. QAC Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova “Mobil dəstə üzvlərinin rolu” mövzusunda çıxış edərək fövqəladə hallara hazırlıq üzrə “Mobil dəstə”nin fəaliyyəti, prinsipi, malik olduqları avadanlıqlar və texnika  haqqında ətraflı məlumat verdi. Universitetin Tibbi hazırlıq və mülki müdafiə kafedrasının müəllimi Sabir Ələkbərov “Əhalinin mühafizəyə hazırlanmasında beynəlxalq təcrübənin öyrənilməsi”, Filologiya fakültəsinin II kurs tələbəsi Nigar Məmmədova “Gənclərin fövqəladə hallara hazır olması, fövqəladə hallarn qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında rolu” mövzularında çıxış edərək bildirdilər ki,  əsas məqsəd əhalini fövqəladə hallarla bağlı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasına, baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.
Maraqla qarşılanan tədbirdə FHN-nın tərkibində fəaliyyət göstərən qurumlar, Nazirliyin fəaliyyəti, keçirilən təlimlərin əks olunduğu videoçarx nümayiş olundu.
Daha sonra tədbirin praktiki hissəsində şərti xəbərdarlıq siqnalı ilə univesitetdə  "Zəlzələ" həyəcanı elan edildi. Tələbələr tərəfindən dərs gedişində baş verən zəlzələ zamanı təhlükəli zonadan təxliyyə olunma qaydaları, yaralanmış şəxslərə ilk tibbi yardımın göstərilməsi üsulları nümayiş olundu. 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az