Dekabrın 22-də Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Media və təhsil dialoqu” mövzusunda konfrans keçirildi.
Tədbirdə Təhsil Nazirliyinin nümayəndələri, ali məktəblərin mətbuat xidmətlərinin, media qurumların rəhbərləri, tanınmış təhsil ekspertləri, jurnalistlər, o cümlədən Sumqayıt Dövlət Universitetinin Mətbuat Xidmətinin rəhbəri Nazxanım Cəlilli iştirak etdilər.
Tədbiri giriş sözü ilə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov açaraq qonaqları salamladı. “PR texnologiyaları ” adlı I paneldə Təhsil Nazirliyinin İnformasiya şöbəsinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov “Press relizlərin hazırlanması və yayılması” mövzusunda təqdimatla çıxış etdi.
Təhsil Nazirliyinin veb-masteri Mehman Şəfaqətov “Universitet saytları: hörümçək torunda hardasınız? mövzusunda təqdimatında ali məktəblərin veb resursları və virtual aləmdəki fəaliyyəti ilə bağlı aparılan monitorinqi iştirakçıların diqqətinə çatdırdı. Bildirdi ki, Sumqayıt Dövlət Universiteti ali təhsil müəssisələrində fəaliyyət göstərən Tədris Elektron Şəbəkəsində ikinci yeri tutub.
Praktik Konfrans Bakı Ali Neft Məktəbində davam etdirildi. BANM-in rektoru Elmar Qasımov rəhbərlik etdiyi ali məktəbin fəaliyyəti ilə bağlı məlumat verdi. Bu ali təhsil müəssisəsinin beynəlxalq standartlara cavab verən, ən müasir təlim və tədris texnologiyaları əsasında kadr hazırlığını həyata keçirdiyi bildirildi.
“Sosial mediada necə təqdim olunmalı?” mövzusunda keçirilən panel iclasında Bakı Dövlət Universitetinin (BDU) televiziya və radio jurnalistikası kafedrasının müdiri Aynur Kərimova “Sosial media “mediadırmı?” mövzusunda təqdimatla çıxış etdi.
“APA Holdinq”in prezidenti Vüsalə Mahirqızı “Onlayn media: tezbazar, yoxsa...?” mövzusunda təqdimatında onlayn medianın problemləri və inkişafı barədə danışıb, media nümayəndələrindən daha böyük məsuliyyət və peşəkarlıq tələb olunduğunu vurğuladı.
Sonra BANM-in rektoru Elmar Qasımov Mətbuat tədqiqatçısı Şirməmməd Hüseynovu prezident İlham Əliyevin sərəncamı ilə “Şərəf” ordeni alması münasibətilə tədbir iştirakçıları adından təbrik etdi və BANM-in “Fəxri qonaq” diplomunu ona təqdim etdi.
Tədbirdə təhsil ekspertləri, BDU-nun professoru Şahlar Əsgərov, Almaniyada yaşayan azərbaycanlı alim Məsud Əfəndiyev və başqaları çıxış edərək konfransın əhəmiyyətindən danışdılar.
Mətbuat xidməti