Qadın gözəllik, məhəbbət, ülviyyət nümunəsidir. 1910-cu ildən onun adına bağışlanan Beynəlxalq Qadınlar Günü bu gün dünyanın əksər yerlərində qeyd edilir. Qadın əməyinə, qadın zəhmətinə verilən bu unudulmaz tarix münasibəti ilə bu il də, ölkə başçısı cənab İlham Əliyev bir qrup Azərbaycan qadınını müxtəlif fəxri adlar və medallarla təltif etdi. Martın 7-də Sumqayıt Dövlət Universitetində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə bayram tədbiri keçirildi.
Tədbiri açan rektor professor Elxan Hüseynov bütün xanımları bayram münasibəti ilə səmimi qəlbdən təbrik etdi. Zəriflik və gözəllik rəmzi olan qadın adının, ana adının tarix boyu vətənimizdə həmişə uca tutulduğunu Azərbaycan qadınının bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli - mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərdiyini qeyd etdi. Azərbaycan qadını ölkəmizi bütün dünyada ləyaqətlə təmsil edir, mötəbər kürsülərdən çıxış edir. Bu gün ölkənin birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, UNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva bütün dünyaya sübut edir ki, Azərbaycan qadını həm gözəl ana, həm də fəal ictimai xadim ola bilər. Onun ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətimiz, dövlətçiliyimiz naminə, xalqın rifahı üçün gördüyü işlər, xeyirxah əməllər Azərbaycan qadınının nə qədər fəal olduğunu təsdiq edir. Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması qadın statusuna verilən dəyərdir. Rektor onu da vurğuladı ki, qadın əməkdaşlarımız universitetimizin ictimai-siyasi, mədəni və iqtisadi həyatında fəal iştirak edərək uğurla həyata keçirilən təhsil islahatlarında genişmiqyaslı quruculuq və abadlıq işlərinə öz töhfələrini verirlər.
Tədbir respublikamızın tanınmış mədəniyyət və incəsənət nümayəndələrinin və “Səma” rəqs qrupunun ifalarında maraqlı konsert proqramı ilə davam etdi.
Mətbuat xidməti