Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | 31 Mart – Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar tədbir keçirildi
Yerləşdirilmə tarixi : 31 Mart 2017 17:40
31 Mart – Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar tədbir keçirildi

Azərbaycan xalqına, türk dünyasına qarşı erməni daşnaklarının soyqırımı siyasəti 200 ilə yaxın bir dövrü əhatə etməkdədir. 31 Mart soyqırımı isə öz dəhşətləri ilə tarixin qanlı salnaməsinə çevrilmişdir. Bu münasibətlə hər il ölkəmizdə tədbirlər təşkil olunur, soyqırımı qurbanlarının xatirəsi anılır. Martın 31-də Sumqayıt Dövlət Universitetinin Heydər Əliyev Mərkəzində anım tədbiri keçirildi. Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 
Rektor professor Elxan Hüseynov tədbiri açaraq bildirdi ki, tarix boyu təcavüzkar siyasət yeridən, qanlı əməllərindən dönməyən, “Dənizdən-dənizə böyük Ermənistan” yaratmaq xülyasından əl çəkməyən ermənilər zaman-zaman xalqımızı soyqırıma məruz qoymuş, havadarlarının hərtərəfli köməyi ilə əzəli torpaqlarımızı almağı özlərinin məqsədlərinə çevirmişlər. Təkcə ötən əsrdə Azərbaycan xalqı dörd dəfə (1905-1907, 1918-1920, 1948-1953, 1988-1993-cü illərdə) erməni millətçiləri tərəfindən hüquqlarının pozulması, qeyri-insani rəftarla, insan ləyaqətini alçaldan hərəkətlərlə müşayiət olunan soyqırımına və deportasiyaya məruz qalmışdır.1918-ci ilin mart günlərindəki qırğınlar zamanı ermənilər üç gün ərzində Bakıda 12 min soydaşımızı vəhşicəsinə qətlə yetirmişlər. Sonrakı günlərdə  Bakı və Gəncə quberniyalarında, Quba, Xaçmaz, Şamaxı, Lənkəran, Muğan qəzalarında və digər bölgələrdə də ermənilər tərəfindən qanlı faciələr törədilmişdir. Mart hadisələri zamanı yüzlərlə şəhərimiz və kəndimiz, o cümlədən Qarabağ ərazisində azərbaycanlıların yaşadıqları 150-dən çox kənd xarabalığa çevrilmiş, Şuşada görünməmiş qırğınlar törədilmişdir. 50 mindən çox soydaşımız, o cümlədən Bakıda 30 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, məscidlər, məktəblər yandırılmış və dağıdılmışdır. Təkcə Zəngəzurda 115, İrəvan quberniyasında isə 211 kənd xarabalığa çevrilmiş, əhalisi misli görünməmiş amansızlıqla qətlə yetirilmişdir.
Rektor onu da  vurğuladı ki,  ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra bu məsələyə prinsipial yanaşma nümayiş etdirilmiş, erməni millətçilərinin xalqımıza qarşı illərlə yürütdüyü soyqırımı və deportasiya siyasətinin mahiyyəti bütünlüklə açıqlanmış və ifşa olunmuşdur. Ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli fərmanı ilə xalqımıza qarşı törədilmiş ağır cinayətlərə hüquqi-siyasi qiymət verilmişdir. Bu gün isə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə erməni təcavüzünün nəticələrinin aradan qaldırılması, respublikamızın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması, aparıcı dünya dövlətləri və nüfuzlu beynəlxalq dairələr tərəfindən ölkəmizin ədalətli mövqeyinin etiraf olunması və müdafiəsi istiqamətində ardıcıl və məqsədyönlü işlər görülür. Dövlət başçısı cənab İlham Əliyevin  30 dekabr 2009-cu il tarixli “Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında” sərəncamı bu istiqamətdə mühüm addımlardan biridir. Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun soyqırımı  ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində gerçəkləşdirdiyi mühüm layihələr xüsusi qeyd edilməlidir. Rektor çıxışının  sonunda  ermənilərin 200 illik tarix boyunca təkcə Azərbaycana deyil, bütün qonşu dövlətlərə - Türkiyəyə, İrana, Gürcüstana qarşı da,  ərazi iddiaları irəli sürdüyünü və “böyük Ermənistan” yaratmaq iddiasında olduğunu, təcavüzkar siyasətini bu gün də davam etdirdiyini diqqətə çatdırdı.
Tarix və coğrafiya fakültəsinin dekanı professor Adil Baxşəliyev “1918-ci ilin mart soyqırımı”, Azərbaycan tarixi kafedrasının müəllimi Günay Şükürova “1948-1953-cü illərdə Azərbaycanlıların Qərbi Azərbaycandan – tarixi etnik torpaqlarından kütləvi surətdə deportasiyası”, Tarix və coğrafiya fakültəsinin II kurs tələbəsi Əli Miriyev “Ermənilərin 1988-ci ildə Azərbaycan torpaqlarında başladıqları Qarabağ müharibəsi və soyqırımı siyasəti” mövzularında çıxış etdilər. Natiqlər bir sıra tarixi faktlara istinad edərək erməni daşnak partiyasının havadarlığı ilə ötən əsrin əvvəllərindən etibarən əzəli Azərbaycan torpaqlarında törədilmiş qırğınlar və soyqırımı siyasətindən ətraflı bəhs etdilər. 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az