Azərbaycan xalqı öz mədəniyyəti, incəsənəti, milli-mənəvi dəyərləri ilə dünyada tanınır. Mədəniyyət hər bir xalqın mənəvi dünyasının, milli mövcudluğunun əsas atributlarından biridir. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra hər sahədə olduğu kimi, mədəniyyət və incəsənət sahəsində də böyük işlər görülmüşdür. Mədəni irsimizin qorunub saxlanmasında, inkişaf etdirilməsində, onun geniş təbliğində, dünya miqyasında şöhrət tapmasında böyük şəxsiyyət Heydər Əliyevin əvəzsiz xidmətləri danılmazdır. Ümummilli lider Heydər Əliyevin milli-mənəvi dəyərlərimizə göstərdiyi qayğı müstəqil Azərbaycanın mənəvi həyatında əsaslı yüksəlişə səbəb olmuşdur.
Aprelin 4-də universitetimizdə Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Ali, orta və ilk peşə ixtisas təhsilli müəssisələrinin şagird və tələbələri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş bədii yaradıcılıq festivalının baxış-müsabiqəsi keçirildi. Festivalın keçirilməsində əsas məqsəd tələbə-gəncləri milli vətənpərvərlik, adət-ənənələrimizə, mədəniyyətimizə, incəsənətimizə hörmət ruhunda tərbiyə etmək, onların bədii-estetik səviyyəsini yüksəltmək, həmçinin incəsənət və mədəniyyətimizin ayrı-ayrı sahələri üzrə istedadlı gəncləri üzə çıxarmaq və onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək verməkdir. Bütün ali təhsil müəssisələrinin qatıldığı bu müsabiqədə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Fərəh Əliyeva, ADPU-nun baş müəllimi, Əməkdar incəsənət xadimi Nailə Mirməmmədli, Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu, Azərbaycan Respublikasının xalq artisti Təranə Muradova, Azərbaycan Dövlət Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyev, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Azərbaycan Respublikasının xalq artisti Samir Cəfərov, əməkdar incəsənət xadimi Əbdül Mahmudov, Beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Milli Konservatoriyasının müəllimi Arslan Növrəsli münsif qismində iştirak edərək istedadlı tələbələrin növbəti mərhələyə seçim turunu etdilər. Qeyd edək ki,festival qaliblərinin yekun konserti may ayında keçiriləcək və qaliblər Təhsil Nazirliyi və ATİAHİ-nin diplom və hədiyyələri ilə mükafatlandırılacaqlar.
Mətbuat xidməti