Aprelin 6-da Sumqayıt Dövlət Universitetinin 55 illik yubileyinə həsr olunmuş Kimya və biologiya üzrə fənn olimpiadasının qaliblərinin mükafatlandırılması mərasimi keçirildi.
Hər bir millətin gələcəyinin, inkişafının təməl daşını, ilk növbədə, yeni nəslin nümayəndələrinin formalaşmasında ailənin və təhsilin xüsusi rolu var. Cəmiyyətdə məhz belə mühitin formalaşdırdığı insanlar yüksək mədəniyyəti və intellekti ilə daim diqqət mərkəzində olurlar. Belə olimpiadaların da təşkilinin məqsədi istedadlı uşaqların aşkarlanması, şagirdlərdə fənlərə olan marağın artırılması, onlara bilik və bacarıqlarının nümayiş etdirilməsində kömək göstərilməsi, həmçinin şagirdlərin bilik və savadlarının dəyərləndirilməsidir. Sumqayıt Dövlət Universiteti də bu böyük missiyanı yerinə yetirərək şagirdlər üçün müxtəlif fənlərdən olimpiadalar təşkil edir. Qeyd edək ki, dekabrın 24-də Kimya və biologiya fənni üzrə keçirilən olimpiadada Sumqayıt şəhərindəki orta məktəblərdən kimya və biologiya fənninə həvəs göstərən 9, 10 və 11- ci sinif şagirdləri, 8 – ci sinif şagirdlərindən isə bəziləri olimpiadaya qatılmışlar. Bakı şəhərində isə “Kaspi” liseyinin şagirdləri olimpiadada iştirak etdilər. Olimpiada məsələlərinin və ya suallarının qiymətləndirilməsi 10 ballı sistemlə aparılmışdır. Hər variantda 5 məsələ və ya 5 sual olmaqla, maksimal qiymət 50 bal təşkil etdi. Şagirdlərin nəticələri sistemləşdirildi, 147 şagirddən 37 şagird qalib oldu. Qaliblər rektor professor Elxan Hüseynov tərəfindən Fəxri Fərmanla təltif olundular.
Universitetin rektoru Elxan Hüseynov qalib şagirdləri təbrik etdi, elmimizin və təhsilimizin inkişafı yolunda uğurlar arzuladı. Rektor rəhbərlik etdiyi ali təhsil ocağı haqqında məlumat verərək bildirdi ki, universitetimiz son üç ildə bir çox uğurlu layihələrə imza atıb. Hazırda universitetimiz Avropa İttifaqının 4 TEMPUS layihəsində iştirak edir. 3 ixtisasımız bakalavr təhsili üzrə Proseslərin avtomatlaşdırılması mühəndisliyi, elektroenergetika mühəndisliyi və magistr təhsili üzrə kimya sənayesində enerji menecmenti ixtisasları Avropa Akkreditasiya Agentliyinin (ASİİN) sertifikatına layiq görülmüşdür. Bu uğurlarımız tələbələrimizin Avropa əmək bazarına inteqrasiya etməsinə zəmin yaradır. Həmçinin universitetimiz Xəzəryanı Dövlətlərin Universitetləri Assosiasiyasının üzvü, 2015-ci ildən Azərbaycan - Rusiya Universitetləri Assosiasiyasının həmsədridir (Azərbaycan tərəfdən). Rektor onu da qeyd etdi ki, tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində bir çox işlər görülmüş, auditoriyalarda proyektorlar quraşdırılmış, elektron lövhələr yerləşdirilmiş və kompyuter avdanlığı ilə təchiz olunmuş “Elektron kitabxana” yaradılmışdır. Bütün bunların reallaşmasına möhtərəm prezidentimiz cənab İlham Əliyevin elmin, ali təhsilin inkişafı, mövcud problemlərin həlli istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasəti sayəsində nail olunmuşdur.
Rektor çıxışının sonunda onu da vurğuladı ki, universitetimizlə orta təhsil müəssisələri arasında əlaqələrimiz uğurla inkişaf edir, belə ki, hər şənbə “Açıq qapı” günü keçirilir, şagirdlər universitetlə yaxından tanış olurlar. Təhsil Nazirliyinin həyata keçirdiyi “Sabahın alimləri” müsabiqəsində şagirdlərin istedad, bacarıq və potensialının aşkara çıxarılması istiqamətində də universitetimizin alimlərinin əməyi danılmazdır.
Sumqayıt şəhər Təhsil şöbəsinin müdiri dosent Nizami Namazov çıxış edərək şəhərimizdə fəaliyyət göstərən ümumtəhsil məktəblərinin SDU ilə sıx əlaqələrinin qurulmasını yüksək qiymətləndirdi. Qeyd etdi ki, şəhərimizin yeganə ali təhsil müəssisəsi olan Sumqayıt Dövlət Universiteti nəinki respublikamızda, habelə Avropada böyük nüfuz qazanmış bir ali təhsil ocağıdır. Dosent Nizami Namazov gələcəkdə də belə görüşlərin keçirilməsinin vacibliyini diqqətə çatdırdı.
Kimya və biologiya fakültəsinin dekanı dosent Mahal Muradov universitetin dinamik inkişafından bəhs edərək bildirdi ki, fakültəmiz Azərbaycan Milli Elmlər Akademiyasının bir çox institutları ilə əməkdaşlıq edir. Azərbaycan Respublikası Təhsil Nazirliyi Sumqayıt Dövlət Universiteti və Polimer Materialları İnstitutu arasında uzun illər aparılmış elmi əməkdaşlığın səviyyəsini, səmərəliliyini artırmaq məqsədi ilə 2016-cı il oktyabrın 6-da SDU ilə PMİ-nin birgə Elm və Tədris Mərkəzi açılmışdı. PMİ-da universitetimizin baza kafedrasının yaradılması əlaqələrin möhkəmlənməsinə, eyni zamanda, milli təhsilimizin inkişafına töhfələr verir. Gənclərimizin tədqiqat işlərinin aparılmasında xüsusi önəm daşıyır.
Digər natiqlər çıxış edərək qalib şagirdləri təbrik etdilər, onlara təhsillərində yeni – yeni uğurlar arzuladılar.
Mətbuat xidməti