Bakı Slavyan Universitetində Dünya Azərbaycanlılarının  Həmrəyliyi Gününə həsr olunmuş “Müasir tərcüməşünaslığın və  mədəniyyətşünaslığın aktual problemləri” mövzusunda XIII Beynəlxalq tələbə  elmi-praktik konfransı keçirilmişdir. 
Sumqayıt Dövlət Universitetinin  “Azərbaycan dili və dilçilik” kafedrasının müəllimi Paşayeva Günel Baxşeyiş  qızının elmi rəhbərliyi ilə Filologiya fakültəsinin II kurs 964 – cü qrup tələbələri  Paşayev Namiq  və  Əmrahov Qoşqar konfransda iştirak etmək məqsədilə  məqalə hazırlamış və Bakı Slavyan Universitetinə təqdim etmişlər. Hər iki  məqalə elmi heyət tərəfindən bəyənilmiş və qəbul olunmuşdur.
Konfransın gedişində müxtəlif universitetlərin  tələbə və magistrantlarının iştirakı ilə elmi diskussiyalar, seminarlar, çıxış  etdikləri aktual mövzular ətrafında müzakirələr və  fikir mübadilələri aparılmışdır. Bölmələr  üzrə məruzələr dinlənilmiş, fərqlənən tələbələrə konfransın sonunda rektor tərəfindən  diplomlar təqdim edilmişdir.
SDU-nun tələbəsi Paşayev Namiq Rahib oğlu da  Sumqayıt Dövlət Universitetinin adını layiqincə təmsil edərək konfransda  iştirak edən 297 nəfər tələbə içərisindən fərqlənən 20 tələbə siyahısına düşmüş  və diplomla təltif edilmişdir.
Mətbuat xidməti