2016-cı il aprelin 2-dən 5-dək davam edən Azərbaycan ordusunun uğurlu əks-hücum əməliyyatları ölkəmizə hərbi-strateji nöqteyi-nəzərdən çox böyük üstünlüklər verdi. Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr endirdi və Qarabağın şimal və cənub hissələrində çox böyük strateji əhəmiyyətə malik yüksəklikləri azad etdi. Bununla da, Azərbaycan öz torpaqlarını azad etmək bacarığını, potensialını, döyüş əzmini nümayiş etdirdi. Aprel döyüşləri Azərbaycan dövlətinin, Azərbaycan Ordusunun gücünü göstərdi. Düşmənə döyüş meydanında sübut etdik ki, biz güclüyük. Biz ermənilərin uzun illər ərzində yaratdıqları mifi, yalanı dağıtdıq ki, guya onların belə güclü ordusu var. Bu gün Azərbaycan Ordusunun düşmənin təxribatlarına cavab olaraq tarixi qələbə qazanmasından bir il keçir. Torpaqlarımızın qorunmasında mərdliklə döyüşərək “Şəhidlik zirvəsi”nə ucalan oğullarımızın arasında Sumqayıt Dövlət Universitetinin Fizika və elektroenergetika fakültəsinin 2015-ci il məzunu olmuş şəhid Mikayıl Vahabzadə də ön sıradadır. Aprelin 9-da İsmayıllı rayonunun Maçaxı kəndində Mikayıl Vahabzadənin ildönümü ilə əlaqədar anım günü keçirildi.Mərasimdə universitetimizin Humanitar məsələlər üzrə prorektoru dosent Ramiz Hüseynov, Fizika və elektroenergetika fakültəsinin dekanı dosent Tamella Əhmədova, Həmkarlar İttifaqı Komitəsinin sədri dosent Turan Cəfərov, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Nemət İbayev, Tələbə Gənclər Təşkilatınin sədri Nicat Hüseynov,YAP Gənclər Birliyinin sədri Ümid Məlikov və müəllim - tələbə heyəti yaxından iştirak etdilər. Universitetin kollektivi Mikayıl Vahabzadənin məzarını ziyarət etdi, onunla bağlı xoş xatirələrini bölüşdülər.
Qeyd edək ki, Mikayıl Vahabzadə cəbhənin Tərtər rayonu istiqamətində Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində döyüş tapşırığını yerinə yetirən zaman düşmən tərəfindən açılan atəş nəticəsində qəhrəmancasına şəhid olmuşdu.
Mətbuat xidməti