Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SOCAR Polymer MMC-nin 2017-ci il Yay təcrübəsi proqramının təqdimatı keçirildi
Yerləşdirilmə tarixi : 18 Aprel 2017 15:48
SOCAR Polymer MMC-nin 2017-ci il Yay təcrübəsi proqramının təqdimatı keçirildi

 Aprelin 18-də Sumqayıt Dövlət Universitetində SOCAR Polymer MMC-nin nümayəndələri  tələbələrlə görüş keçirərək, 2017- ci il Yay təcrübəsi proqramının təqdimatını etdilər.
Görüşdə universitetin Elm və innovasiyalar üzrə prorektoru professor Ramazan Məmmədov qonaqları salamladı, ali məktəbin inkişaf mərhələlərindən bəhs edərək, müasir dövrdə milli təhsilin Avropa təhsilinə inteqrasiyası, dünya standartlarına uyğunluğu, savadlı insan kapitalının hazırlanması istiqamətində ali məktəbin əlaqəli müəssisələrlə birgə fəaliyyətinin vacibliyini qeyd etdi.  Bildirdi ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə təsdiq edilmiş ölkənin sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında yeni iş yerlərinin yaradılması ilə işsizliyin səviyyəsinin daha da azaldılmasına xüsusi önəm verilir. Bu gün nəinki paytaxt Bakıda habelə, bütün bölgələrimizdə böyük canlanma gedir. Professor Ramazan Məmmədov ixtisaslı kadrların hazırlanması məqsədi ilə SDU-nun  bir çox müəssisələrlə  səmərəli tədris əlaqələrinə malik olduğunu diqqətə çatdırdı. Tələbələrin tədris zamanı əldə etdikləri nəzəri biliklərin zənginləşdirilməsi məqsədilə onlar ölkəmizin  bir sıra idarə və istehsalat müəssisələrinə, həmçinin “Azərikimya”İB-nın təşəbbüsü ilə Türkiyənin “Petkim” Petrokimya Holdinqə istehsalat təcrübəsinə göndərilir. Bu əlaqələr tələbələrə təcrübə qazanmaq imkanı verməklə yanaşı, onlar arasında gələcəkdə həmin müəssisədə çalışmaq arzusunda olanlara verilən növbəti dəstəkdir. Prorektor onu da qeyd etdi ki, son dövrlər universitetimizdə bir sıra həmçinin Sumqayıt Kimya Sənaye müəssisələrinin rəhbərləri tələbə və məzunlarla görüşlər keçirir, onlara ixtisaslarına uyğun iş yerləri əldə etməkdə yardımçı olurlar. 
Sonra SOCAR Polymer MMC-nin  nümayəndələri Aylar Mustafayeva, Nərgiz Səlimova, Mətin Hüseynli təmsil etdikləri müəssisə  haqqında məlumat verərək bildirdilər ki, gənclərin təhsil səviyyəsi ilbəil artır.Son illər Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) işlə  təmin olunmaq  üçün gənclər daha çox müraciət edirlər. Dövlətimizin gənclər siyasətinə uyğun olaraq, “Azərikimya” İstehsalat Birliyində də gənc mütəxəssislərin hazırlanması, yerləşdirilməsi, karyera yüksəlişi məsələləri daim diqqət mərkəzində saxlanılır. Gənclər bu gün kimya sənayesinin ən vacib və məsul sahələrində əhəmiyyətli dərəcədə təmsil olunurlar. Kadr resurslarının gəncləşdirilməsi artıq bir tendensiyaya çevrilmiş və davamlı xarakter daşıyır. SOCAR-ın digər struktur bölmələrində olduğu kimi “Azərikimya” İB-də də gənclərin karyera imkanlarının genişləndirilməsində bilik, bacarıq hər zaman öndə dayanır. Bu gün Sumqayıt Dövlət Universitetinin tələbələrinin  SOCAR Polymer MMC-də təcrübə keçərək işlə təmin olunması regionumuzun  kadr potensialının  inkişafına öz  töhfəsini vermiş olacaq.
SOCAR Polymer MMC-nin  Təlim və İnkişaf  üzrə mütəxəsisi Afaq İsmayılova Yay təcrübə proqramının qəbul qaydaları haqqında təqdimatla çıxış edərək bildirdi ki, layihəyəyə iyun ayında star veriləcək. Təcrübə yerli və xarici mütəxəsis tərəfindən aparılacaq. Uğurla bitirən tələbələr sertifikatla təltif olunacaqlar. 
Tədbirin sonunda tələbə və məzunları maraqlandıran suallar nümayəndələr tərəfindən cavablandırıldı, mövzu ətrafında maraqlı fikirlər səsləndirildi.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az