Aprelin 17-də Mərkəzi Elmi Kitabxanada AMEA Rəyasət Heyəti və bu qurumun Qafqazşünaslıq İnstitutunun birgə təşkilatçılığı ilə Qafqazşünasların Birinci Beynəlxalq Forumu öz işinə başladı.
Tədbir iştirakçıları öncə Fəxri xiyabana gələrək, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad etdilər, məzarı önünə gül dəstələri qoydular.
Forumun açılış mərasimi Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başladı. Sonra Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə Azərbaycan Prezidenti İlham Əliyevin Forum iştirakçılarına müraciətini oxudu.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə tədbiri giriş nitqi ilə açaraq tarixdə ilk dəfə keçirilən bu Forumun əhəmiyyətindən danışdı. Bildirdi ki, Qafqazşünasların Birinci Beynəlxalq Forumunun keçirilməsində məqsəd dünyanın müxtəlif ölkələrindən olan qafqazşünas alimləri çoxtərəfli formatda bir araya gətirmək, Forum çərçivəsində onların ikitərəfli əməkdaşlığının əsasını qoymaq və perspektiv məsələlərə dair elmi müzakirələr aparmaqdır. Müxtəlif ölkələrin qafqazşünas alimlərinin belə geniş əməkdaşlığı ümumi işimizə yalnız fayda verəcək.Qafqazın dünyanın diqqət mərkəzində olan və böyük dövlətlərin maraqlarının toqquşduğu region olduğunu söyləyən AMEA-nın prezidenti bildirdi ki, Qafqaz regionunun geosiyasəti, region dövlətlərində cərəyan edən hadisələr, ictimai-siyasi, iqtisadi proseslər, böyük dövlətlərin regiona dair siyasətləri, münaqişələr və terrorizmə dair elmi tədqiqatların aparılmasına böyük ehtiyac vardır.Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə də toxunan A.Əlizadə qeyd etdi ki, bununla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında alimlərin tədqiqatları mühüm rol oynayacaq: "Ermənistanın beynəlxalq hüququn bütün normalarını kobudcasına pozaraq Azərbaycana etdiyi hərbi təcavüz nəticəsində ərazimizin 20 faizi işğal olunub, bir milyondan çox azərbaycanlı daimi yaşayış yerlərindən didərgin salınıb. Bu gün Qafqaz regionunda mövcud olan bir çox problemlərin başlıca səbəbi Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasəti ilə bağlıdır".
Tədbirdə Türk Tarix Qurumunun sədri, professor Rafiq Turan, Rusiya Elmlər Akademiyasının Cənub Elm Mərkəzinin sədri, akademik Gennadiy Matişov, Gürcüstan Elmlər Akademiyasının vitse-prezidenti, akademik Roin Metreveli, Çeçenistan Respublikası Elmlər Akademiyasının prezidenti, akademik Şaxrudin Qapurov, Böyük Britaniya Mərkəzi Asiya və Şərq Tədqiqatları Kral Cəmiyyətinin həqiqi üzvü Mixail Basxanov, ABŞ Koastal Karolina Universitetinin professori Kristofer Qann, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Qafqazla bağlı məlumatların gələcək nəsillərə çatdırılmasında qafqazşünas alimlərin rolunu, eləcə də beynəlxalq Forumun əhəmiyyətini xüsusi qeyd etdilər. Natiqlər bu Forumun alimləri elmi əməkdaşlığa cəlb etdiyini, əlaqələrin daha da genişlənməsi üçün imkanlar açdığını bildirdilər.
Daha sonra AMEA-nın “Azərbaycanlılara qarşı soyqırımı tədqiqatları” Komissiyası tərəfindən nəşr edilən Azərbaycan və xarici ölkə alimlərinin rus və ingilis dillərində yazılmış məqalələrindən ibarət “Soyqırımı həqiqətləri” kitabının təqdimat mərasimi də keçirildi. Nəşrlə bağlı çıxış edənlər əsərin elmi və tarixi əhəmiyyətindən danışdılar. Qeyd edildi ki, çap olunmuş kitab uzun illər boyunca mənfur qonşularımızın xalqımıza qarşı törətdikləri soyqırımlarının dərindən və hərtərəfli öyrənilməsində böyük rol oynayır.
Tədbir çərçivəsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və onun nəticələrindən bəhs edən və müxtəlif dillərdə nəşr edilmiş əsərlərin sərgisi də nümayiş etdirildi.
Forum öz işini bölmə iclaslarında davam etdirdi.
Sumqayıt Dövlət Universitetinin professoru Şirxan Səlimov beynəlxalq forumun IV bölməsinə sədrlik etmiş, “ABŞ-ın Qafqazda enerji maraqları”, Filologiya fakültəsinin baş müəllimi Əli Razayev “Ermənistanın Azərbaycana hərbi təcavüzü və İslam Əməkdaşlıq Təşkilatı”, tarix üzrə fəlsəfə doktoru Samirə Məmmədova “Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsinə İsrail dövlətinin münasibəti” mövzularında məruzələri dinlənildi.
Mətbuat xidməti