Aprelin 21-də Kimya və biologiya fakültəsinin Ekologiya kafedrasının təşkilatçılığı ilə Planetimizin “Yer kürəsi günü”nə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sumqayıt bölməsinin 4 saylı Ərazi idarəsinin şöbə müdiri Mübariz Vəliyev, sektor müdirləri Sadiq Yusifov və Asəf Bayramov, Ekoloji Tərbiyə -Təcrübəçilik Mərkəzinin rəhbəri Cəmilə Məmmədova iştirak etdilər.
Tədbiri Kimya və biologiya fakültəsinin dekanı dos. Mahal Muradov açaraq tədbir iştirakçılarını salamladı, qeyd etdi ki, insanların yaşayış tərzi, maddi rifah halı təbiətlə, təbii sərvətlərin zənginliyi ilə, bunlardan səmərəli istifadə etmək və onların mühafizəsi ilə bağlıdır. Təbiət nə qədər zəngin olarsa, o qədər insanın zövqünə, yaxşı mənada sağlamlığına nüfuz edər. Təbiətə həmişə məhəbbətlə, qayğı ilə yanaşmaq, onu qorumaq, daha da zənginləşdirmək və gözəlləşdirmək insanların müqəddəs borcudur.
Ekologiya kafedrasının müdiri dos. Rəhilə Əhmədova tədbirin əhəmiyyətindən bəhs edərək bildirdi ki, Beynəlxalq Yer Kürəsi Günü bəşəriyyətin diqqətini Yerin ekoloji sisteminin kövrəkliyinə cəlb etmək və insanları ümumi evimiz olan Yer planetinə münasibətdə daha diqqətli olmağa həvəsləndirmək məqsədi daşıyır. Dos. Rəhilə Əhmədova onu da qeyd etdi ki, ümummilli lider Heydər Əliyev Azərbaycanın nadir təbiətinin mühafizəsi məsələlərinə həmişə xüsusi diqqət yetirirdi. Heydər Əliyevin vətənimizin biomüxtəlifliyinin, onun bənzərsiz gözəlliyinin qorunub saxlanılması sahəsində müdrik siyasəti hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.
“Yer kürəsi günü”nə həsr olunmuş tədbirdə Kimya və biologiya fakültəsinin IV kurs tələbəsi Gülzər Məmmədova “Torpağın çirklənmə problemləri”, II kurs tələbələri Fatimə Muradxanova “Radiasiya təhlükəsi problemi, Mədinə Xəlilova “Dünyada Ozon problemi”, Etibar Nağdəliyev “Xəzər dənizinin çirklənməsinin bioloji təmizlənmə üsulları”, III kurs tələbələri Mədinə Orucova “Xəzər dənizi haqqında”, Şəbnəm Səfərova isə “Xəzər dənizinin çirklənməsi” mövzularında çıxış etdilər.
Tədbir tələbələrin təqdimatında hazırlanmış “Yer Kürəsi Günü”nə həsr olunmuş tamaşanın nümayişi ilə davam etdirildi.
Mətbuat xidməti