Ramiz Hüseynov: “İslam Həmrəyliyi İli”nin elan edilməsi, İslam Həmrəyliyi Oyunlarının təşkil olunması mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, İslam mədəniyyətinin dünyada təbliğinə uğurlu töhfədir.
Həmrəylik, multikultural dəyərlərə sədaqət hissi bəşəriyyətin nicat yoludur. Aprelin 28-də Sumqayıt Dövlət Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin birgə təşkilatçılığı ilə “İslam Həmrəylik İli” nə həsr edilmiş “Gücümüz həmrəyliyimizdədir” mövzusunda elmi konfrans keçirildi.
Konfransı giriş sözü ilə universitetin Humanitar məsələlər üzrə prorektoru dos. Ramiz Hüseynov açaraq 2017-ci ilin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən “İslam Həmrəyliyi İli” elan olunduğunu qeyd edərək, onun regional və qlobal dünyəvi əhəmiyyətindən, dövlət-din münasibətlərindən, ölkəmizdə milli-mənəvi və islami dəyərlərin qorunması və təbliği sahəsində görülən işlərdən bəhs etdi. Bildirdi ki, İslam dünyasının əsas mədəni, dini və sivilizasiya mərkəzi olan ölkəmiz İslam dünyasında böyük nüfuza malikdir. Bu gün İslam dünyasının birliyə, bütövlüyə daha çox ehtiyacı var. Bu baxımdan prezident cənab İlham Əliyevin 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməsi xüsusi önəm kəsb edir. “İslam Həmrəyliyi İli”nin elan edilməsi, İslam Həmrəyliyi Oyunlarının təşkil olunması mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, İslam mədəniyyətinin dünyada təbliğinə uğurlu töhfədir. Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş sağlam dövlət-din münasibətləri yüksək səviyyədə inkişaf edir. Prezident cənab İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində multikulturalizm Azərbaycanın dövlət siyasətinə, xalqımızın həyat tərzinə çevrilərək beynəlxalq aləmdə böyük siyasi-mənəvi uğura nail olundu. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ölkəmizdə və beynəlxalq müstəvidə genişmiqyaslı fəaliyyəti, İslam dininin, milli-mənəvi irsimizin yüksək səviyyədə təbliğ edilməsində böyük xidmətləri olmuşdur. Azərbaycanda 2016-cı ilin “Multikulturalizm İli”, 2017-ci ilin isə “İslam Həmrəyliyi İli” elan edilməsinin təqdirəlayiq olduğunu vurğulayan prorektor bildirdi ki, belə tədbirlərin keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzu üçün uğurlu zəfərdir. Dos.Ramiz Hüseynov İslam Həmrəyliyi Oyunlarında fəaliyyət göstərəcək minlərlə könüllülər sırasında Sumqayıt Dövlət Universitetinin tələbələrinin iştirakından məmnun olduğunu diqqətə çatdırdı, İslam Həmrəyliyi Oyunları ilə bağlı təbliğat xarakterli görüşün universitetdə keçirildiyinə görə təşkilatçı qurumlara minnətdarlığını bildirdi.
Konfransda IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin icraçı direktoru Könül Nurullayeva İslam Oyunlarının tarixindən, cəlb olunan idman növləri, idmançıların təmsil etdikləri ölkələr, keçiriləcəyi məkanlar, Əməliyyat Komitəsinin iş prinsipi haqqında məlumat verərək bildirdi ki, yarışlarda 57 islam ölkəsinin idmançıları iştirak edəcək ki, bu da bütün islam ölkələrinin əhatə olunduğunu göstərir.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev “İslam Həmrəyliyi dini ekstremizmə qarşı”, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov “İslam Həmrəyliyi və müasir gənclik”, Sumqayıt Dövlət Universitetinin Tarix və coğrafiya fakültəsinin dekan müavini Osman Hacıyev “İslam Həmrəyliyinin fəlsəfi aspektləri” mövzularında çıxış etdilər. Onlar multikulturalizm və islam həmrəyliyi ideyalarının əhəmiyyətini vurğulayaraq, ekstremizm, radikalizm, terrorizm, separatizm, ksenofobiya, islamofobiya təzahürlərinə qarşı dünya ictimaiyyətini, dövlət, elm və din xadimlərini birgə əməkdaşlıq etməyə, belə halların qarşısının alınması üçün daha fəal olmağa çağırdılar, həmçinin İslam həmrəyliyinin mənəvi əsaslarından danışdılar.
Daha sonra tədbir iştirakçılarına İslam Həmrəyliyi Oyunlarına həsr olunmuş videoçarx nümayiş olundu.
Mətbuat xidməti