Aprelin 28-də universitetimizdə “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi, “CoCa-Cola” şirkəti və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Youth Inc” proqramının nümayəndələri "Öz Biznesinə Başla! Yeni Mövsüm" layihəsi çərçivəsində İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələrinə təlim keçdilər.
Seminarda Şəfiqə Əhmədova tələbələri salamladı və layihənin əhəmiyyətindən bəhs etdi. Bildirdi ki, təlimin keçirilməsində məqsəd Azərbaycanda “Gənc Sahibkarlıq” anlayışının inkişafı, gənclərin biznes haqqında məlumatının artırılması və onlara öz biznesini yaratmaqda dəstək olmaqdır. Multipleyer Şölə Abbasova çıxış edərək qeyd etdi ki, proqramın vizyonu gənc sahibkarlığı inkişaf etdirmək və dəstək vermək üçün effektli platforma yaratmaq, gənclərin sosial və iqtisadi problemlərini həll etmək, kiçik və orta sahibkarlığın formalaşdırılması və orta gəlirli sinfin gənc sahibkarlığa dəstək verməsini təmin etməkdir. Buna görə “Youth Inc.” öz vaxtını, təcrübəsini, müvafiq resurslarını gənclərin biznes bacarıqlarının və biliklərinin artırılmasına, bununla da Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı üçün gənc nəsli formalaşdırmağa yönəldib. Şölə Abbasova onu da bildirdi ki, proqram çərçivəsində gənc sahibkarların inkişafı və maariflənməsi məqsədilə vaxtaşırı təlimlər, konfranslar, forumlar təşkil edilir. Belə tədbirlər gənclərdə biznes ideyanın formalaşdırılması, investorların cəlb olunması, maliyyə mənbələrinin tapılması, biznes ideyanın təhlilinin aparılması, məqsədlərin qoyulması, biznesin qeydiyyatı və s. mövzularda bilik və məlumatın artırılmasına böyük təkan olur.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparıldı.
Mətbuat xidməti