“Sabahın iqtisadçıları” adlı gecə keçirildi
Mayın 22-də universitetin Böyük akt zalında İqtisadiyyat və idarəetmə fakültəsinin təşkilatçılığı ilə 28 May Respublika gününə həsr olunmuş “Sabahın iqtisadçıları” adlı gecə keçirildi. Tədbiri İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dos.Aynurə Yəhyayeva açdı, fakültənin keçirdiyi görüşlərdən, elmi və beynəlxalq konfranslardan, tələbələrin bilik və bacarıqlarını nümayiş etdirən intellektual yarışlardan və əldə olunan nailiyyətlərdən danışdı. Bildirdi ki, bütün bu uğurlar rektor prof. Elxan Hüseynovun diqqət və qayğısının nəticəsidir.
Dekan çıxışında Müsəlman Şərqində qurulmuş ilk dünyəvi, demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin əhəmiyyətindən bəhs etdi. Qeyd etdi ki, ölkəmizə 30 ildən artıq rəhbərlik etmiş Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev nəinki ictimai, siyasi, həm də iqtisadi sahədə kifayət qədər həlledici addımlar atmışdır. Heydər Əliyev Azərbaycan iqtisadiyyatının inkişafında böyük və müstəsna rolu olan əvəzsiz şəxsiyyətdir. Hakimiyyətdə olduğu ilk illərindən Azərbaycanın iqtisadiyyatının gücləndirilməsi istiqamətində apardığı genişmiqyaslı quruculuq işləri xalqın gələcəyə olan inamını doğrultmaqla ölkəmizin dünya birliyinə açılan yoluna işıq saldı. Bu gün Prezident cənab İlham Əliyevin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı həyata keçirilir. Dünyanın bir çox ölkələri ilə iqtisadi əməkdaşlıq qurulur. Ölkəmiz mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bütün bu uğurlar ulu öndər Heydər Əliyev və onun siyasətinin dönməz davamçısı olan Prezident cənab İlham Əliyevin fəaliyyətinin bəhrəsidir.
Dos. Aynurə Yəhyayeva onu da vurğuladı ki, gecənin keçirilməsində əsas məqsəd müəllim və tələbələrin birliyini nümayiş etdirməklə, iqtisadçıların yalnız iqtisadi sahələrdə deyil, eləcə də digər özfəaliyyət sahəsində də istedadlarını göstərməkdir.
Tədbir bədii hissə ilə davam etdi.
Mətbuat xidməti