Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Heydər Əliyev və milli qürur günümüz 28 May” mövzusunda növbəti məşğələ keçirildi
Yerləşdirilmə tarixi : 24 May 2017 19:22
“Heydər Əliyev və milli qürur günümüz 28 May” mövzusunda növbəti məşğələ keçirildi
Mayın 24-də universitetin Heydər Əliyev Məktəbində “Heydər Əliyev və milli qürur günümüz 28 May” mövzusunda növbəti məşğələ keçirildi.
Tədbiri giriş sözü ilə universitetin rektoru prof. Elxan Hüseynov açaraq tədbir iştirakçılarını qarşıdan gələn Respublika Günü münasibətilə təbrik etdi və Heydər Əliyev Məktəbində keçirilən növbəti məşğələnin “Heydər Əliyev və milli qürur günümüz 28 May” mövzusuna həsr olunduğunu bildirdi. Rektor qeyd etdi ki, bu gün xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunub. Xalqımız 1918-ci il mayın 28-də çar Rusiyasının bir əsrdən artıq davam edən müstəmləkə əsarətindən azad olmuş, Şərqin ilk demokratik respublikasının təməlini qoymuşdur.
Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. 1918-ci ilin mayından 70 il keçəndən sonra Azərbaycan xalqı yenidən ayağa qalxdı, öz haqqını: azadlığını, müstəqilliyini və bütövlüyünü tələb etdi. Bu yolda şəhidlər verdi, lakin yolundan dönmədi. 1991-ci ilin oktyabrında Azərbaycan xalqı XX əsrdə ikinci dəfə öz müstəqilliyini elan etdi. 1993-cü ilin may-iyun aylarında hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarananda xalqın çağırışı ilə ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə gətirildi və Azərbaycan müstəqilliyinin yeni mərhələsinə qədəm qoydu. Bununla da, Azərbaycanın ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsl dönüş yarandı və elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun dövlət quruculuğu prosesinə başlandı. 
Rektor çıxışında onu da vurğuladı ki, ümummilli lider Heydər Əliyevin  Azərbaycan tarixində yeri və rolu uzun müddət müzakirə ediləcək. Çünki Heydər Əliyevin xalqımız qarşısında xidmətləri o qədər böyük və zəngindir ki, bu, hər zaman tədqiqatlar mövzusu olacaq. Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev bütün sahələrdə ümummilli liderimizin siyasi kursunu uğurla davam etdirir, ölkəmiz yeni-yeni nailiyyətlərə imza atır, mötəbər yarışlara ev sahibliyi edir. Bu günlərdə ölkəmiz daha bir mötəbər beynəlxalq idman tədbirinə - “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə ev sahibliyi edərək tarix yazdı, parlaq qələbələrlə yadda qaldı. “Bakı-2017”də iştirak edən ölkələr arasında Azərbaycan 75 qızıl medalla birinci oldu. Rektor bu münasibətlə xalqımızı universitetimizin kollektivi adından ürəkdən təbrik edib yeni-yeni uğur və nailiyyətlər arzuladı.
Tədbirdə Tarix və onun tədrisi metodikası kafedrasının müdiri  prof. Şirxan Səlimov  “Heydər Əliyev və milli qürur günümüz 28 May”, Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Nemət İbayev “Heydər Əliyevin qurduğu Müstəqil Azərbaycan və Xalq Cümhuriyyəti ənənələri”, Tarix və onun tədrisi metodikası kafedrasının müəllimi tarix üzrə fəlsəfə doktoru Samir Kərimli “Azərbaycan Xalq Cümhuriyyətinin təhsil siyasəti”, Riyaziyyat fakültəsinin III kurs tələbəsi Sevinc Həsənli “Azərbaycan Xalq Cümhuriyyəti və onun Azərbaycan dövlətçiliyinə verdiyi töhfələr”, Tarix və coğrafiya fakültəsinin III kurs tələbəsi Fəqan Səfərəliyev “Azərbaycan Xalq Cümhuriyyətinin sosial-iqtisadi siyasəti” mövzularında çıxış etdilər. Natiqlər Azərbaycan tarixinin şanlı səhifələrindən olan, xalqımızın milli azadlıq mücadiləsinin məntiqi nəticəsi sayılan və müasir dövlətçilik tariximizdə önəmli yerə malik olan cümhuriyyətin XX əsrin Şərqi üçün milli dövlətçilik ənənələrinin əsasını qoyduğunu diqqətə çatdırdılar. Vurğuladılar ki, XX əsrin sonunda yenidən müstəqillik əldə edən Azərbaycan dövləti Ulu öndər Heydər Əliyevin zəngin siyasi təfəkkürü, idarəçilik təcrübəsi və rasional fəaliyyəti sayəsində Azərbaycan Xalq Cümhuriyyətinin taleyini yaşamaqdan, yəni qısa zamanda müstəqilliyini itirməkdən qurtuldu. Ulu öndər Heydər Əliyev həmin dövrdə müstəqilliyimizi qorudu və müasir, güclü, nüfuzlu dövlət kimi çıxış edən, böyük bir regionda lider ölkəyə çevrilən Azərbaycanın təməlini qoydu.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az