Universitetin professor-müəllim heyəti Sumqayıt Kimya Sənaye müəssisələrində oldular
Ölkə iqtisadiyyatının kompleks inkişafı əhalinin sosial-rifah halının yaxşılaşmasına təkan verdiyi kimi, beynəlxalq nüfuzunun da möhkəmlənməsinə təsir edir. Prezident cənab İlham Əliyevin 2010-cu ildə imzaladığı “Neft-kimya sənayesində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi haqqında” Sərəncamına əsasən bu gün Sumqayıt Azərbaycanın böyük sənaye mərkəzinə çevrilir, yeni müəssisələr, güclü sənaye potensialı yaradılır, iş yerləri açılır. Belə müəssisələrin yaradılması, ilk növbədə, Azərbaycan iqtisadiyyatını daha da möhkəmləndirir, ölkəmizin ixrac qabiliyyətini artırır, qeyri-neft sektorunun inkişafına təkan verir.
Bu məqsədlə mayın 30-da rektor prof. Elxan Hüseynov və bir qrup professor və müəllim Sumqayıt Kimya Sənaye müəssisələrində oldu. Kollektiv inşası yekunlaşmaqda olan müəssisələrin iş mexanizmi ilə tanış oldu və şəhərimizin kadr potensialının təmin olunması istiqamətində fikir mübadiləsi apardı.
Əvvəlcə qonaqlar “Azərikimya” İstehsalat Birliyinin etilen-polietilen zavodunda oldular. Görüşdə zavodun direktoru Oqtay Niftəliyev qonaqları səmimi salamladı və təşrif buyurduqlarına görə SDU-nun rəhbərliyinə minnətdarlığını bildirdi. Oqtay Niftəliyev rəhbərlik etdiyi zavodla nümayəndə heyətini tanış edərək bildirdi ki, “Azərikimya” İB-nin əsas istehsal sahəsi olan “Etilen-polietilen” zavodunda hərtərəfli yenidənqurma işləri yekunlaşmaq üzrədir. Bu zavodun ərsəyə gəlməsində ulu öndər Heydər Əliyevin tarixi xidmətləri olub. 1994-cü ildə “EP-300” və “Polimer-120” qurğularının əsasında yaradılmış Etilen-polietilen zavodunun adı yeni bir müəssisə kimi ölkəmizin sənaye xəritəsinə yazıldı. Ulu öndər Heydər Əliyev 1998-ci ildə Yaponiyaya səfəri zamanı müstəqil Azərbaycanın tarixində ilk dəfə buxar-generator kompleksinin alınmasına nail oldu ki, bu da ölkənin neft-kimya sənayesinin inkişafı tarixinə dahi rəhbərin ən böyük xidmətlərindən biri kimi yazıldı. Ümummilli lider 1999-cu ildə bu kompleksin təməlqoyma mərasimində, 2001-ci ildə isə açılışında iştirak edib. Bu kompleks nəinki kimya sənayesini tənəzzüldən xilas etdi, hətta “Azərikimya”nın bu günü üçün etibarlı enerji təminatının yaradılmasında mühüm vasitə oldu. Prezident cənab İlham Əliyevin 2010-cu ildə imzaladığı “Neft-kimya sənayesində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi haqqında” Sərəncamına əsasən “Azərikimya” Dövlət Şirkəti SOCAR-ın tabeliyinə verildikdən, “Azərikimya” İstehsalat Birliyi yaradıldıqdan sonra əsas hədəflərdən biri də bu sahədə fəaliyyətin gücləndirilməsi, neft-qaz emalı və neft-kimya sənayesinin səmərəliliyinin yüksəldilməsi, məhsulların rəqabət qabiliyyətinin artırılması oldu. Bu dцvr ərzində SOCAR-ın dəstəyi ilə azot-oksigen və susoyutma kompleksləri, mütləqləşdirilmiş izopropil spirti qurğusu, İstehsalata və keyfiyyətə nəzarət, sənaye-sanitar sahələrini özündə birləşdirən laboratoriya, propan-propilen fraksiyasının kükürdlü birləşmələrdən təmizlənməsi və butan-butilen fraksiyasının hidrogenləşməsi qurğuları, həmçinin yeni inzibati və məişət binaları tikildi istifadəyə verildi, digər sahələrdə isə əsaslı təmir işləri aparıldı. Bununla belə, SOCAR-Polymer layihəsi çərçivəsində Sumqayıt Kimya Sənaye Parkında inşa olunan Polipropilen və yüksək sıxlıqlı Polietilen zavodlarını yüksək keyfiyyətli və lazım olan miqdarda xammalla təmin etmək məsələsi ortaya gələndə “EP-300” istehsalatının effektliyinin artırılması zərurəti yarandı. Çünki bu qurğular “Azərikimya” İB-nin Etilen-polietilen zavodu tərəfindən ildə 150-180 min ton propilen, 100 min ton etilen məhsulu, həmçinin hidrogen və buxarla təmin edilməlidir. Direktor onu da qeyd etdi ki, zavodun məhsullarına dünya bazarında tələbat artdı.
Sonra direktor Oqtay Niftəliyev universitetin nümayəndə heyətini zavodun istehsalat və keyfiyyətə nəzarət, sənaye-sanitar sahələrini özündə birləşdirən yeni laboratoriyaları ilə tanış etdi. Qeyd etdi ki, ölkəmizin ali təhsil müəssisələri arasında keçirilən SOCAR-ın Daxili Təqaüd Proqramı müsabiqəsində iştirak edən 31 tələbədən 6 nəfəri SDU-nun tələbələridir. Görüşün sonunda rektor Elxan Hüseynov zavodun direktoru və kollektivinə dərin təşəkkürünü bildirdi. Qeyd etdi ki, bu görüşümüz qarşılıqlı əməkdaşlığımıza, magistr və doktotantların təcrübə keçmələri üçün böyük təkan olacaq.
Səfər zamanı qonaqlar “SOCAR Polymer” zavodunda görülən işlərlə tanış oldular. Bildirildi ki, Azərbaycanın son 40 il ərzində növünə və miqyasına görə həyata keçirilən ilk neft-kimya layihəsidir. Sumqayıtda inşa olunan və Azərbaycanın neft-kimya sənayesini, eyni zamanda, ixrac potensialını inkişaf etdirəcək layihənin inşaat işləri 2016-cı il üçün tam plan üzrə tamamlanıb. Zavodun 2018-ci ildə tam istismara verilməsi planlaşdırılır. “SOCAR Polymer” zavodunda illik 120 min ton yüksək sıxlıqlı polietilen və 180 min ton polipropilen istehsalı nəzərdə tutulur. O da vurğulandı ki, SOCAR ölkəmizin emal sənayesi sahəsində istehsal və ixrac potensialını artırmaq, habelə Azərbaycanda yeni iş yerləri yaratmaq məqsədilə Sumqayıtda nəhəng və perspektivli layihələr həyata keçirməkdədir: “Hasilat və nəql sahəsində həyata keçirilən “Şahdəniz-2” kimi meqalayihələrlə yanaşı, “SOCAR Polymer”, “SOCAR Karbamid” və s. kimi layihələr məhz ölkəmiz üçün yeni iş yerləri yaratmaqla milyardlarla əlavə gəlir gətirəcək”.
Sonra rektor prof. Elxan Hüseynov və nümayəndə heyəti Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sumqayıtda inşa olunan karbamid zavodunda tikinti işlərinin gedişi ilə tanış oldu. Görüşdə Karbamid zavodunun direktoru Xəyal Cəfərov qonaqları səmimi salamladı və rəhbərlik etdiyi müəssisə və “Samsung Engineering” şirkəti tərəfdən görülən işlərlə bağlı məlumat verdi. Qeyd etdi ki, karbamid zavodu layihəsi Prezident cənab İlham Əliyevin 2008-ci ilin avqustunda imzaladığı Sərəncamla təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair” Dövlət Proqramına və 2014-cü ilin dekabrında imzaladığı Sərəncamla təsdiq edilmiş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair” 2015-2020-ci illər üçün Dövlət Proqramına əsasən icra edilir. Zavodun təməli 2011-ci ilin dekabrında dövlətimizin başçısı tərəfindən qoyulub. Karbamid zavodunun tikintisi ilə əlaqədar 2011-ci ildə beynəlxalq açıq tender elan edilib və tenderin nəticələrinə əsasən 2012-ci ildə Koreya Respublikasının “Samsung Engineering Co. Ltd.” şirkəti mühəndislik, satınalma və tikinti üzrə podratçı seçilib. Layihənin ammonyak və karbamid istehsalı üzrə lisenziyaları qismində müvafiq olaraq Danimarkanın və Niderlandın şirkətləri çıxış edir. Həmçinin layihənin idarə edilməsi və müstəqil təftiş xidmətlərinin həyata keçirilməsi məqsədilə 2015-ci ildə beynəlxalq açıq tender vasitəsilə seçilmiş Finlandiya şirkəti ilə müvafiq müqavilə imzalayıb. Görüşdə o da qeyd edildi ki, zavodun tikintisinin bu ilin sonunda yekunlaşması nəzərdə tutulur.
Dəyirmi masa ətrafında universitetin rektoru prof. Elxan Hüseynov bugünkü görüşün əhəmiyyətindən bəhs edərək qarşılıqlı əməkdaşlığın qurulmasında bu əlaqələrin yaradılmasının vacibliyini qeyd etdi. Rektor hazırda ali təhsil ocağının bir çox müəssisələrlə səmərəli tədris əlaqələrinə malik olduğunu diqqətə çatdıraraq bu təşəbbüsün birgə ixtisaslı kadrların hazırlanması işinə töhfə verəcəyinə əminliyini bildiridi. Qeyd etdi ki, gənclərin ölkənin iqtisadi inkişafı proseslərində fəal iştirakına, bu məqsədlə onların iqtisadiyyatın müxtəlif sektorlarında səmərəli məşğulluğuna şərait yaradılması Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin prioritetləri sırasındadır. Bu məqsədlə universitetimiz Sumqayıt Texnologiyalar Parkı, “Azərikimya” İB-nin müəssisələri ilə iş birliyi yaratmış, AMEA-nın Polimer Materialları İnstitutu ilə universitetimiz arasında təhsil-elmi-istehsalat çərçivəsində elmi əməkdaşlıq üzrə istiqamətlər müzakirə edilmiş, uğurlu nəticələr əldə olunmuşdur. Rektor bu gün Azərbaycanda uzunmüddətli sosial-iqtisadi inkişafın təmin olunması üçün aparılan siyasətin eyni zamanda əmək bazarının gələcək inkişafına yönəldiyini bildirdi. Elə görüşün məqsədi əmək fəaliyyətinə başlamaq ərəfəsində olan məzunlarla işəgötürənlər arasında ilkin əlaqələrin qurulmasına, onların işlə təmin olunmasına köməklik etməklə universitetimizdə həmin müəssisələrin iş tələblərinə uyğun yeni ixtisasların açılmasıdır. Zavodun istehsalat sahələri ilə yaxından tanış olan qonaqlar, universitetimizin həmçinin istehsalat təcrübəsində olan tələbələri və Mühəndislik fakültəsinin TEMPUS layihəsi üzrə Proseslərin avtomatlaşdırılması ixtisasının məzunu Mərdan Qarayevlə görüşdülər. Daha sonra qonaqlar ayrı-ayrı inşaat sahələrini gəzərək, görülən işlərlə yaxından tanış oldular. Görüşün sonunda xatirə şəkli çəkdirildi.
Mətbuat xidməti