Kimya və biologiya fakültəsində magistrantlar dissertasiya işini uğurla müdafiə etdilər
İyunun 23-də Kimya və biologiya fakültəsində magistrantların dissertasiya işinin müdafiəsi keçirildi.
Müdafiədə universitetin rektoru professor Elxan Hüseynov, Elm və innovasiyalar üzrə prorektor professor Ramazan Məmmədov, Doktorantura və magistratura şöbəsinin müdiri dosent Sabir Xəlilov, fakültə dekanı dosent Mahal Muradov, müdafiə şurasının sədrləri professor Dursun Aşurov, professor Qafar Ramazanov, kafedra müdirləri, müəllim və magistrantlar iştirak etdilər.
Əsas üzvi sintezin kimyası və texnologiyası ixtisaslaşması üzrə magistrant Fuad Bəxtiyar “Oksid katalizatorunun iştirakı ilə etilkrezolun bəzi izomerlərinin dehidrogenləşməsinin tədqiqi”, Polimerlərin kimyəvi texnologiyası ixtisaslaşması üzrə Ülviyyə İsmayılova “Epoksinitrillərin fenol-aldehid və epoksid qətranlarına modifikasiyaedici təsirinin tədqiqi”, Yüksəkmolekullu birləşmələr kimyası ixtisaslaşması üzrə Günel Abbaszadə “Tsikolalkil əvəzli metilendioksolanların sintezi və homopolimerləşməsi” mövzusunda dissertasiya işləri haqqında məlumat verdilər və sualları əhatəli cavablandırdılar.
Sonra müdafiə şurasının üzvləri magistrant və dissertasiya işi haqqında fikirlərini söylədilər.
Rektor professor Elxan Hüseynov çıxışında Prezident cənab İlham Əliyevin elmin və təhsilin inkişafına göstərdiyi xüsusi qayğısından, yüksək elmi biliyə malik kadrların yetişməsinə verdiyi böyük önəmdən bəhs etdi. Bildirdi ki, bu gün professor-müəllim heyətinin qarşısında məharətlə müdafiə edən gənclərimiz ixtisaslı kadr kimi ölkəmizi beynəlxalq aləmdə layiqincə təmsil edəcək, parlaq gələcəyimizin təminatçısı olacaqlar və bu istiqamətdə gənclərin üzərinə böyük məsuliyyət düşür. Prof.Elxan Hüseynov bu yolda tələbələrə uğurlar diləyərək, xalqın tərəqqisi, xoş gələcəyi naminə əzmlə çalışmalarını arzu etdi.
Rektor sonda uğurla müdafiə edən magistrantların universitetdə işlə təmin
olunmaları məsələsini irəli sürdü və onları əməkdaş olaraq aramızda görmək istəyini bildirdi. Gənclər də öz növbələrində yaradılan şəraitə görə universitetin rəhbərliyinə təşəkkür etdilər.
Mətbuat xidməti