İlham ƏLİYEV: Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın ordumuzun gücünü göstərən qələbədir
“Güclü və modern Azərbaycan ordusu Heydər Əliyevin Ordu quruculuğu siyasətinin nəticəsidir” mövzusunda iyulun 4-də Heydər Əliyev məktəbində növbəti məşğələ keçirildi.
Universitetin rektoru prof. Elxan Hüseynov müstəqil respublikamızda aparılan ən yeni tariximizin səhifələrinə qızıl hərflərlə yazılmış ordu quruculuğu prosesindən söhbət açaraq bildirdi ki, müstəqilliyin ilk illərində ölkədəki mürəkkəb sosial-iqtisadi, ictimai-siyasi vəziyyətin mənfi təsiri ordu quruculuğundan da yan keçmədi. Könüllülərdən yaradılan ordu istər struktur, istərsə də güc baxımından mövcud şəraitin tələblərinə cavab vermir, yerli özünümüdafiə batalyonları məhəlli xarakter daşıyırdı. Vahid komandanlığın olmaması nəticəsində silahlı dəstələr müxtəlif şəxslərin əlində cəmlənmişdi və onların əmrlərini yerinə yetirirdi. Digər tərəfdən, Azərbaycana xarici müdaxilə, Ermənistanın ərazi iddiaları ordu quruculuğunun normal, elmi əsaslarla aparılmasına mane olurdu. Məhz bu vəziyyəti yaradan səriştəsizlik ucbatından, müstəqilliyini yenicə bərpa etmiş respublikada ordu quruculuğu arzulanan səviyyədə getmirdi. Yaranmış vəziyyət dövlət çevrilişi həddinə çatmışdı. Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra Ulu Öndər vahid nizami Silahlı Qüvvələrin yaradılması və daha da möhkəmlənməsi, ordumuz üçün hərbi kadrlar hazırlayan hərbi təhsil sisteminin modernləşməsi üçün strateji xarakterli tədbirlər həyata keçirdi. Ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı respublikanı labüd süqutdan xilas etdi və bununla da Azərbaycanda ordu quruculuğunun yeni mərhələsi başlandı. Dahi şəxsiyyətin 1999-cu il fevralın 20-də Silahlı Qüvvələrin Hərbi Akademiyasının yaradılması, 2001-ci il avqustun 20-də respublikamızda fəaliyyət göstərən hərbi məktəblərin statusunun artırılması və nəhayət, 2002-ci il avqustun 17-də Silahlı Qüvvələrə Yardım Fondunun yaradılması haqqında imzaladığı fərmanlar, heç şübhəsiz, bu istiqamətdə əsaslı dönüş yaratdı. Qısa müddət ərzində ordu quruculuğunun qanunvericilik bazası yaradıldı, “Silahlı Qüvvələr haqqında“, “Hərbi xidmət haqqında”, “Müdafiə haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” və bunun kimi digər əhəmiyyətli qanunlar qəbul edildi. Azərbaycanda hərbi quruculuq bu gün də yüksələn xətlə inkişaf edir. Bu gün qətiyyətlə deyə bilərik ki, tək silahlanma sahəsində deyil, mənəvi-psixoloji hazırlıq cəhətdən də fərqlənən ordumuz torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Ötən ilin aprelində ordumuzun əks-hücum əməliyyatı zamanı düşmənə sarsıdıcı zərbələri də dediklərimizin bir daha təsdiqidir.Ali Baş Komandan cənab İlham Əliyev aprel döyüşlərinin əhəmiyyətini qeyd edərək bildirirdi ki, aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın ordumuzun gücünü göstərən qələbədir. "Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun, bərpa edəcəkdir."
Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər idarəsinin rəisi polkovnik Natiq Qarayev, Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının müəllimi Günay Şükürova “Aprel döyüşlərindəki qələbələrimiz: Azərbaycan ordusunun yazdığı tarix”, İqtisadiyyat və idarəetmə fakültəsinin III kurs tələbəsi Aydın Hüseynov “Национальная Армия - это слава и гордость Азербайджанского народа", Filologiya fakültəsinin III kurs tələbəsi Könül İbrahimova “Azərbaycan Milli Ordusu bu gün” və digər natiqlər müxtəlif mövzularda çıxış edərək Azərbaycan Respublikasının müstəqil bir dövlət kimi formalaşması, bu dövlətin qarantı olan Azərbaycan Ordusunun yaradılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirdilər. Vurğuladılar ki, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasəti gələcək uğurlarımızın təməlidir. Ümummilli Lider bütün dövrlərdə Azərbaycanın ərazi bütövlüyünün qorunmasına xüsusi əhəmiyyət verib, torpaqlarımızın erməni işğalından azad olunması istiqamətində var qüvvəsi ilə çalışıb. Hazırda bu siyasət Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Natiqlər onu da diqqətə çatdırdılar ki, ordumuzun gücünü artıran, hərbçilərimizin döyüş əhval-ruhiyyəsini yüksəldən əsas amillərdən biri də ölkə prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hərbi hissələrə, xüsusən cəbhə xəttinə ardıcıl səfərlər etməsidir. Ön xətdə xidmət edən əsgər və zabitlərimizlə hər görüşündə onlara sonsuz mübarizə əzmi aşılayan Ali Baş Komandan bununla da orduya diqqət və qayğısını əyani şəkildə nümayiş etdirir.
Sonra polkovnik Natiq Qarayev Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimovun rəhbərliyi ilə çap olunmuş “Hər şey qələbə üçün” adlı kitab-albomunu universitetin Heydər Əliyev Mərkəzinə təqdim etdi.
Tədbir silahlı qüvvələrə həsr olunmuş sənədli filmin nümayişi ilə davam etdi.
Mətbuat xidməti