Yay tətili dövründə başlanan əsaslı təmir işləri bütün tədris binalarında aparılmış, laboratoriyalar, tədris otaqları yeni cihaz, avadanlıq və video-kamera ilə təchiz olunmuşdur
Azərbaycanın nüfuzlu ali təhsil ocaqlarından biri kimi cəmiyyətin elmi-intellektual potensialının inkişafına əvəzsiz töhfələr verən, Azərbaycan Sənaye İnstitutunun bazasında yaradılan Sumqayıt Dövlət Universiteti 55 illik yubileyi ərəfəsindədir. Yubileyə hazırlaşmaq və yeni dərs ilinə uğurla başlamaq üçün universitetdə hər cür şərait yaradılıb. Universitetimizdə təhsilin keyfiyyəti yüksəldilir, ixtisas fənləri üzrə elmi dərəcəsi olan müəllimlərə üstünlük verilir, tədris zamanı müasir təlim texnologiyalarından istifadə olunur. 2017-2018-ci tədris ilində SDU-da tələbə qəbulu planı 85 faizdən artıq yerinə yetirilib, bu da ötən illərlə müqayisədə uğurlu göstəricidir.
Əldə olunan nailiyyətlər Sumqayıt şəhərinin kadr potensialının formalaşmasına öz müsbət təsirini göstərir. Bu da prezident cənab İlham Əliyevin Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı çərçivəsində apardığı uğurlu siyasətinin və müasir təhsil sahəsinə göstərdiyi dövlət qayğısının bariz nümunəsidir. Savadlı kadrların hazırlanması məqsədilə təhsil sahəsində aparılan islahatlar nəticəsində elmin təhsilə inteqrasiya üçün əlverişli şərait yaradılmış, Azərbaycanda təhsil özünün yeni inkişaf dövrünə qədəm qoymuşdur. Ölkəmizin gələcək inkişaf modelini formalaşdıran əsas amil kimi təhsilin inkişafı daha da sürətlənmiş, insan kapitalının formalaşmasına xidmət edən ən mühüm sahə olmuşdur. Bu gün Neft kapitalını intellektual mülkiyyətə yönəltməyi başlıca məqsəd hesab edən ölkə başçısının milli təhsilin inkişafına istiqamətlənən strategiyası fəal vətəndaş mövqeyi və ziyalı məsuliyyəti ilə icra olunur. Həyata keçirilən dövlət proqramları çərçivəsində ölkənin bütün regionlarında ümumi təhsilin infrastrukturu əhəmiyyətli şəkildə yenilənmiş, təhsilin müasir tələblərə cavab verən normativ hüquqi bazası yaradılmışdır.
Sumqayıt şəhərinin yeganə ali təhsil müəssisəsi olan Sumqayıt Dövlət Universiteti yarandığı dövrdən günümüzə qədər bir çox beynəlxalq layihələrə imza atmış, xarici universitetlərlə əlaqələrinin gücləndirilməsinə xüsusi diqqət yetirmiş, müəllim-tələbə mübadiləsi, birgə elmi-tədqiqatlar aparılması, beynəlxalq konfrans və konqresdə, təhsil proqramlarında iştirak etməklə tarixi uğurlara imza atmışdır.
Bu gün Möhtərəm Prezident cənab İlham Əliyevin hədəflərini uğurla gerçəkləşdirən Sumqayıt Dövlət Universitetində inkişaf və fərqlilik göz önündədir. Universitetdə həm tədris, həm elmi-tədqiqat, həm də idarəçilik sahələrində həyata keçirilən yeniliklər, struktur islahatları əsaslı keyfiyyət dəyişiklərinə zəmin yaratmışdır. Yay tətili dövründə başlanan əsaslı təmir işləri universitetin bütün tədris binalarında aparılmış, bütün laboratoriyalar, tədris otaqları yeni cihaz, avadanlıq və video-kamera ilə tam təchiz olunmuşdur. İqtisadiyyat və idarəetmə fakültəsində 410 saylı auditoriya İqtisadiyyat kafedrasının yeni ixtisaslaşmış otağı kimi yaradılmış, Kimya və biologiya fakültəsində auditoriyalar, laboratoriyalar və dəhliz video kamera ilə təchiz olunmuş, Filologiya fakültəsinin tədris binasında əsaslı təmir işləri aparılmış və iki kabinet yaradılmışdır. Fizika və elektroenergetika fakültəsinin kafedralarında fəaliyyət göstərən bütün laboratoriyalar təmir olunmuşdur. Yeni yaradılacaq laboratoriyalarda isə təmir işləri davam edir. Elektromexanika kafedrasında bütün laboratoriyalar bu il təmir olunmuş, iki- Elektrik maşınları və Elektrik aparatları fənləri üzrə yeni, müasir avadanlıqlarla təmin olunmuş stendlər hazırlanmışdır. Bu iş davam etdirilərək iki laboratoriyada tədris ilinin sonunadək bütün stendlərin yenilənməsi nəzərdə tutulur. Bərk cisim və yarımkeçiricilər fizikası kafedrasında iki, Fizika və onun tədrisi metodikası kafedarsının da iki laboratoriyasında təmir işləri tamamlanmaq üzrədir. Tarix və coğrafiya fakültəsində yeni tədris ili ilə əlaqədar hazırlıq işləri görülmüş, 238 saylı yeni auditoriya, “Vətən tarixi” və “Ümumi tarix” fənn kabinetləri yaradılmış, fakültənin tanıtım video-çarxı hazırlanmışdır. Eyni mənzərə Mühəndislik fakültəsin də də aparılmışdır. İnformasiya və kompüter texnikası kafedrasının 205 saylı laboratoriyasında, Proseslərin avtomatlaşdırılması kafedrasının 111 və 113 saylı laboratoriyalarında, fakültəyə aid dəhlizdə, dekanlıqda təmir işləri aparılmış və foyede universitet haqqında məlumat lövhəsi yerləşdirilmişdir.
Əsaslı təmirdən çıxmış geniş idman zalında da yenidənqurma işləri uğurla aparılmışdır. Hal-hazırda universitetin əsas tədris binasının üzlənməsi və yeni görkəm alması istiqamətində böyük işlər gedir. Bütün auditoriya və laboratoriyalar, kabinet və mərkəzlər bu məqsədlə ən müasir avadanlıqlar və İKT ilə təchiz olunmuşdur. Sentyabrın 23-də universitetin ərazisində professor-müəllim və tələbə heyətinin iştirakı ilə genişmiqyaslı abadlıq işləri aparıldı, iməclik aksiyası keçirildi. İməclik zamanı auditoriyalarda və dəhlizlərdə təmizlik işləri aparıldı, ərazidəki bütün ağacların dibləri yumşaldıldı, əhənglə ağardılaraq, yeni gül kolları əkildi, ərazi tam abad vəziyyətə gətirildi. Bu işlər əməkdaşlar və tələbələr tərəfindən razılıqla qarşılandı.
Qeyd edək ki, universitetin 55 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər, iməcliklər davam etdiriləcək.
Mətbuat xidməti