"Avrasiya təhsil məkanında dillərin və mədəniyyətlərin dialoqu" adlı beynəlxalq konqres keçirildi
Mikayıl Cabbarov: “Azərbaycanda fərqli dinlərə, millətlərə, etnik azlıqlara məxsus xalqlar sülh və əmin-amanlıq şəraitində yaşayır”
Milli – mənəvi dəyərlərini qorumaqla ümumbəşəri dəyərləri himayə edən, hörmətlə yanaşan Azərbaycanda bu istiqamətdə mühüm tədbirlər keçirilir, layihələr gerçəkləşir. Sentyabrın 28-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Rus İcması və Aleksandr Soljenitsın adına Rus Mühacirliyi Evinin birgə təşkilatçılığı ilə "Avrasiya təhsil məkanında dillərin və mədəniyyətlərin dialoqu" adlı beynəlxalq konqres keçirildi. 3 gün davam edən tədbirdə Azərbaycan, Rusiya, Moldova, Latviya, Bolqarıstan, Qırğızıstan və Tacikistandan ictimai xadimlər, alimlər, rektorlar və prorektorlar iştirak edirlər. Konqresdən əvvəl Rus Mühacirliyi Evinin MEK-ə hədiyyə etdiyi 300 kitabın təqdimatı keçirildi.
Təqdimat mərasimində millət vəkili, Azərbaycan Rus İcmasının sədri Mixail Zabelin çıxış edərək iki dost və qonşu ölkə arasında qarşılıqlı siyasi, iqtisadi, elmi-texniki, parlamentlərarası əlaqələrin olduğunu diqqətə çatdırdı. O, bu gün keçirilən tədbirin sözügedən münasibətlərin daha da inkişafına təkan verəcəyini bildirdi.
Sonra AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli çıxış edərək iki ölkə arasındakı elmi əlaqələrin önəminə toxundu. Akademik təqdimatı keçirilən kitabların qiymətli əsərlər olduğunu və Azərbaycanda rus ədəbiyyatına daim böyük maraq göstərildiyini qeyd etdi. Tədbirdə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev və digərləri çıxış edərək ölkəmizdə rus dilinə və mədəniyyətinə göstərilən diqqətdən söz açdılar.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə çıxış edərək bu gün Şərq və Qərb, Asiya və Avropanın sıx demoqrafik, iqtisadi və ideoloji yaxınlaşma prosesi yaşayaraq yeni sivilizasiyanı formalaşdırdığını söylədi. Qeyd etdi ki, Azərbaycan tarix boyunca digər xalqların sığınacaq yeri olub və bu gün qarşılıqlı hörmət və mehribanlıq prinsipləri əsasında bir çox din və etnosların nümayəndələri ölkəmizdə özlərini rahat hiss edirlər. AMEA-da elm və təhsilin inteqrasiyasınа xüsusi diqqət yetirildiyini deyən A.Əlizadə akademiyada magistratura pilləsinin yaradılmasının bu yöndə həyata keçirilən islahatların bir hissəsi olduğunu bildirdi.
Sonra Sumqayıt Dövlət Universitetinin rektoru, Rusiya və Azərbaycan Ali Məktəbləri Assosiasiyasının Azərbaycan tərəfindən həmsədri Elxan Hüseynov Təhsil Naziri cənab Mikayıl Cabbarovun konqresə ünvanladığı müraciət məktubunu oxudu. Məktubda deyilirdi “hörmətli qonaqlar, konqres iştirakçıları, cənab rektorlar və müəllimlər! Azərbaycan Respublikası Təhsil Nazirliyi adından beynəlxalq konqresin başlanması münasibəti ilə sizi təbrik edirəm. Belə bir möhtəşəm tədbirin məhz Bakı şəhərində keçirilməsi heç də təsadüfi deyil . Çünki Azərbaycanın zəngin multikulturalizm ənənələri vardır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2016-cı il ölkəmizdə “Multikulturalizm ili” elan olundu. Azərbaycanın multikulturalizm, ,tolerantlıq təcrübəsi, dil-din, mədəniyyətlər rəngarəngliyi tək ölkə daxilində deyil, beynəlxalq miqyasda da diqqət mərkəzində olmuşdur. Bu gün Azərbaycanda fərqli dinlərə, millətlərə, etnik azlıqlara məxsus xalqlar sülh və əmin–amanlıq şəraitində yaşayır. Ona görə də Azərbaycan Respublikası nəinki Qafqazda, hətta bütün dünyada müasir xalqların, millətlərin birgə yaşayış nümunəsi kimi tanınır. Ölkəmizdə mədəniyyətlərarası dialoqun formalaşmasını şərtləndirən əsas amillərdən biri də Azərbaycanın coğrafi baxımdan qərarlaşdığı məkanın Şərqlə Qərbin qovşağında yerləşməsidir, yəni Azərbaycan bu gün iki fərqli sivilizasiya arasında körpü rolunu oynayır. Əlbəttə ki, multikultural ənənələrin qorunub saxlanılmasında əsas amillərdən biri də ölkəmizin təhsilidir. Təhsil Nazirliyi müxtəlif dillərin tədrisinin genişlənməsi istiqamətində mühüm addımlar atır, bu da mədəniyyət və millətlərin dialoquna öz töhfəsini verir. Bizim şagirdlər nəinki xarici dil öyrənmək imkanına malikdir, hətta xarici dildə təhsil ala bilir. Həmçinin o da vurğulandı ki, Təhsil Nazirliyi tərəfindən multikulturalizm, tolerantlıq və konfessiyalararası dialoq fənləri tədris proqramına daxil edilmişdir.
Tədbirdə millət vəkili Əli Hüseynli, Arif Rəhimzadə və digər natiqlər çıxış edərək Azərbaycanın dünyada tolerant və multikultural ölkə kimi tanındığını bildirdilər və konqresin işinə uğurlar arzuladılar.
Konqres öz işini plenar iclaslarla davam etdirdi.
Mətbuat xidməti