Sentyabrın 27-dən 29-dək Rusiya Federasiyasının Stavropol şəhərində VIII Rusiya - Azərbaycan regionlararası “İnvestisiya, innovasiya, turizm” forumu keçirilmişdir. Forumda Azərbaycan Respublikasının İqtisadiyyat naziri cənab Şahin Mustafayev, RF-da Azərbaycanın Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbül oğlu, Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkin, Stavropol diyarının qubernatoru Vladimir Vladimirov, Azərbaycan-Rusiya dövlət orqanları və işgüzar dairələrinin təmsilçiləri iştirak etmişlər.
İclası giriş sözü ilə açan Maksim Oreşkin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin adından təbrik məktubunu oxudu. Rusiyanın dövlət başçısı qeyd etmişdir ki, forum Rusiya və Azərbaycan arasında strateji əməkdaşlığın inkişafında çox mühüm rol oynayır. Müraciətdə deyilir: “Əminəm ki, açıq və konstruktiv müzakirələrdə qəbul olunan qərar və tövsiyələr, təcrübədə öz yerini tapacaq”.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin adından təbrik məktubunu cənab Şahin Mustafayev oxudu: “Aydındır ki, regionlararası forumlar qarşılıqlı maraq kəsb edən sualların müzakirəsi üçün nüfuzlu platformaya çevrilməyi bacardı”.
Qeyd edək ki, keçirilən forum Rusiya və Azərbaycan Respublikasının müxtəlif regionlarını və bu ölkələrin ən iri şirkətlərini təmsil edən 400 nəfərdən artıq insanı bir yerə toplamışdır. Forumda sənaye və humanitar sahələrdə əməkdaşlıq, turizmin inkişafı, səhiyyə sahəsində innovasiyalar və digər mövzularda “dəyirmi masalar” keçirilmişdir.
Sumqayıt Dövlət Universitetinin əməkdaşı dos.Samir Orucov VIII Rusiya –Azərbaycan regionlararası forumunda iştirak etmiş və “Humanitar sahədə ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi” mövzusunda keçirilən “dəyirmi masa” iclasında çıxış etmişdir. Samir Orucov öncə iştirakçıları Rusiya–Azərbaycan Universitetləri Assosiasiyasının həmsədri, SDU-nun rektoru prof. Elxan Hüseynovun adından salamlayaraq qeyd etmişdir ki, Rusiya-Azərbaycan Universitetləri Assosiasiyası postsovet məkanında unikal bir ictimai təşkilatdır. Özünün iki ilə yaxın fəaliyyəti dövründə bu təşkilat təhsil və elm sahəsində əməkdaşlıq ideyalarının praktiki reallaşdırılmasına, vahid təhsil məkanının saxlanılması və inkişaf etdirilməsinə, müstəqil dövlətlərin konkret şəraitində ali təhsildə islahatlar aparılmasında dünya təcrübəsinin mənimsənilməsinə yönəldilən tədbirləri həyata keçirmişdir.
İclasın sonunda Azərbaycan və Rusiya arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında sənədlər imzalanmışdır.