Bakıda 11-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisi keçirildi
Respublikamızda təhsilin səviyyəsini qaldırmaq, onu beynəlxalq standartlara uyğunlaşdırmaq məqsədilə genişmiqyaslı islahatlar həyata keçirilir. Bütün bunlar yüksəkixtisaslı kadrların hazırlanması və respublikamızın elmi-texniki potensialının gücləndirilməsinə xidmət edir. Ölkəmizdə elmi tədqiqatların müasir səviyyədə aparılması və keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm işlər görülür. Bu da təhsilin elmə, elmin təhsilə inteqrasiyasına, bir sözlə, milli təhsilimizin inkişafına böyük töhfələr verir. Ümummilli lider Heydər Əliyevin elmin və təhsilin inkişafına xüsusi diqqət və qayğısını uğurla davam etdirən prezident cənab İlham Əliyevin imzaladığı Elmin İnkişafı üzrə Milli Strategiyada əksini tapan mühüm məsələlərdən biri olan elmin inkişafı, elmi-texniki potensialın qorunub saxlanılması, elm və təhsil sahəsində yüksəkixtisaslı kadrların hazırlanması prosesi ali məktəblərin üzərinə böyük məsuliyyət qoyur, Sumqayıt Dövlət Universiteti də bu istiqamətdə mühüm addımlar ataraq uğurlar əldə edir. Bu gün Təhsil naziri cənab Mikayıl Cabbarovun “Fəaliyyət Planı”ndan irəli gələn mühüm məqsəd və vəzifələri həyata keçirmək üçün imzaladığı əmrlər, sərəncamlar, göstərdiyi diqqət və qayğı bütün ali məktəblərdə böyük stimul yaradır. Oktyabrın 6- da Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə“İnsan kapitalı sərvətimizdir” devizi altında 11-ci Azərbaycan Beynəlxalq Təhsil (“Education 2017”) sərgisi keçirildi.
Sərgini Təhsil naziri cənab Mikayıl Cabbarov açaraq bildirdi ki, 2017-2018-ci tədris ilinin “Təhsildə keyfiyyət ili” elan edilməsində məqsəd təhsil sahəsində keyfiyyət dəyişikliklərinə nail olmaq, cəmiyyət üçün layiqli vətəndaş, XXI əsrin tələblərinə cavab verən və çevik düşünmə qabiliyyətinə malik insan yetişdirməkdir. Builki tədris ilində (37500-ə yaxın) abituriyent tələbə adını qazanıb. Xüsusi olaraq vurğuladı ki, bu, orta qəbul balının artması ilə bərabər olub, yəni, tələbə sayının artmasına səbəb ali məktəblərə qəbul meyarlarının aşağı salınması ilə deyil, keyfiyyət meyarının qorunub saxlanmasıdır. Bu, o deməkdir ki, ildən-ilə ali məktəblərə daha hazırlıqlı tələbələr daxil olur”. Nazir sərginin ziyarətçilərə təhsil sistemində baş verən dəyişikliklərə daha geniş nəzər yetirmək, startapçıların innovativ layihələri ilə tanış olmaq, əcnəbi universitetlərlə birgə əməkdaşlığın ümumi spektrini izləmək imkanı yaratdığını qeyd etdi. Bildirdi ki, “İnsan kapitalı sərvətimizdir” devizi altında təşkil edilən bu sərgidə son illərdə nazirlik tərəfindən həyata keçirilən yeni layihələr və mövcud təhsil imkanları təqdim olunur. Sərgidə dünyanın 24 ölkəsindən 144 nümayəndə iştirak edir. Sərginin “Xaricdə təhsil” sektorun çərçivəsində ABŞ, BƏƏ, Latviya, Litva, Macarıstan, Rusiya, Rumıniya, Sinqapur, Slovakiya, Türkiyə, Ukrayna və digər ölkələr universitet, məktəb, kollec, təhsil mərkəzləri və kurslarını təqdim edəcəklər. Bir sıra yerli və xarici şirkətlərin korporativ sosial məsuliyyət siyasəti çərçivəsində həyata keçirilən və ali təhsil və sosial inteqrasiya vasitəsilə Azərbaycan gəncliyinin dayanıqlı inkişafına yönəlmiş “Gələcəyini Qur!” gəncliyə dəstək layihəsinin də sərgidə iştirak edəcəyini vurğuladı və sərginin gedişatına uğurlar arzuladı.
“Caspian Event Organisers” şirkətinin baş direktoru Edvard Stoun qonaqları salamladı və Təhsil Nazirliyinin bu layihəsini yüksək qiymətləndirdi. Qeyd etdi ki, ümumilikdə sərgi çərçivəsində ziyarətçilərə bakalavriat, magistratura, o cümlədən xarici dil kursları, təcrübə və treninqlər üzrə proqramlar təqdim ediləcək. Onun sözlərinə görə, ziyarətçilər bilavasitə sərgidə aparıcı ali təhsil müəssisələrinin nümayəndələri ilə ünsiyyət quraraq qəbul prosesi, təhsil haqqı və digər məsələlərlə bağlı onları maraqlandıran suallara cavab almaq imkanı əldə edəcəklər: "Bu il Təhsil sərgisi geniş işgüzar proqramı ilə fərqləndi, həmçinin sərgi çərçivəsində “Mənim gələcək peşəm və ona gedən yol” adlı seminar təşkil olunacaq. Sərgi Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən də dəstəklənir. Sərginin təşkilatçısı isə “Caspian Event Organisers” (“CEO”) şirkətidir".
Sonra Təhsil naziri cənab Mikayıl Cabbarov və sərgi iştirakçıları müxtəlif müəssisələrin nailiyyətləri ilə tanış oldular.
Sumqayıt Dövlət Universitetinin rektoru prof. Elxan Hüseynov cənab Mikayıl Cabbarovu və sərgi iştirakçılarını universitetin hazırladığı ekspozisiya ilə tanış etdi. Rektor sərgidə Fizika və elekteoenergetika fakültəsinin Elektrik maşınları fənnindən laboratoriya stendi ilə, Mühəndislik fakültəsinin Universal stendi, “Sərfölçən qurğusu” ilə, Elektron İdarəetmə sistemi haqqında İnformasiya texnologiyaları mərkəzi “Elektron universitet” layihəsi ilə, tələbələrin əl işləri və rəsm əsərlərindən ibarət stend ilə, eyni zamanda universitetin digər strukturları, tədris və elmi fəaliyyətini özündə əks etdirən kitablar, bukletlər və materiallarla tanış etdi. Son illər ölkədə təhsilin inkişafı istiqamətində atılan mühüm addımlardan, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə təhsilin keyfiyyətinin artırılması istiqamətində həyata keçirilən tədbirlərdən, universitetdə aparılan elmi tədqiqat işlərindən və tələbələrin elmi tədqiqat işlərinə cəlb olunması üçün yaradılan şəraitdən, belə təhsil sərgilərinin təşkilinin gənclərdə elmə, elmi tədqiqatlara olan marağı daha da artmasından bəhs etdi.
Cənab Mikayıl Cabbarov universitetin ekspozisiyası ilə tanış olduqdan sonra
elmin son nailiyyətlərinin təcrübəyə tətbiqini yüksək qiymətləndirdi.
Qeyd edək ki, sərgidə Polşa (“Ready study go! Poland”) və Litva (“Study in Lithuania”) milli qrupları iştirak etdilər, Yerli “CELT Colleges” şirkəti sərgidə xaricdə təhsil proqramı ilə çıxış etdi. Məktəbəqədər sektorunda Beynəlxalq Sabis Sun Məktəbi iştirak etdi.
Sərgi oktyabrın 8-də başa çatacaq.
Mətbuat xidməti