Ramazan Məmmədov : Strateji Yol Xəritəsi, davamlı iqtisadi inkişafın təmin olunması, milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin yüksəldilməsi və sosial rifahın artırılması prinsiplərinə əsaslanır
Yubileylər, tarixi günlər müəyyən hadisələrlə yadda qalır. Onları zinətləndirmək üçün müxtəlif tədbirlər keçirilir. Oktyabrın 17-də 55 illik yubileyimizə həsr olunmuş “İqtisadiyyatın rəqabətqabiliyyətliliyinin yüksəldilməsi yolları” mövzusunda Respublika elmi konfrans keçirildi. Konfransda millət vəkili Tahir Mirkişili, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor Vilayət Vəliyev və respublikamızın bir çox ali təhsil müəssisələrinin görkəmli alimləri İrşad Kərimli, Zahid Məmmədov və s. qonaqlar iştirak etdilər.
Öncə Elm və İnnovasiyalar üzrə prorektor professor Ramazan Məmmədov qonaqları salamladı, universitetimizdə görməkdən məmnunluğunu ifadə etdi.Qeyd etdi ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan iqtisadiyyatının inkişafında böyük və müstəsna rolu olan əvəzsiz şəxsiyyətdir. Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə yeni iqtisadi yüksəliş dövrü başlanıldı, Azərbaycan iqtisadiyyatına xarici investisiyalar yatırıldı, bu sahədə köklü dəyişikliklərin aparılması üçün yeni imkanlar yaradıldı.Ümummilli liderimiz Heydər Əliyev tərəfindən təməli qoyulmuş və Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində əldə olunan nailiyyətlər Azərbaycanın bu sahədə gələcəkdə də daha böyük uğurlar qazanacağına zəmin yaradır. Prorektor onu da vurğuladı ki, Prezident cənab İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı əsasında təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” ilə iqtisadiyyatımızın bütün sahələrində keyfiyyət, məzmun və forma baxımından yeni inkişaf mərhələsi başlandı. Strateji Yol Xəritəsi, davamlı iqtisadi inkişafın təmin olunması, milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin yüksəldilməsi və sosial rifahın artırılması prinsiplərinə əsaslanır. Azərbaycanda iqtisadiyyatın rəqabətqabiliyyətinin artırılması və şaxələndirilməsi ölkənin xarici ticarət əlaqələrinə də müsbət təsir göstərir və qeyri-neft ixracının inkişaf dinamikası uğurla davam edir.
Konfransda “Strateji Yol Xəritəsinin icrası dövründə iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin yüksəldilməsinin müasir aspektləri” mövzusunda millət vəkili Tahir Mirkişili çıxış edərək bildirdi ki, iqtisadiyyatın mövcud durumunun dərindən təhlil edilməsi və yeni iqtisadi inkişaf strategiyasının hazırlanması məqsədilə dövlət başçısının 16 mart 2016-cı il tarixli sərəncamı ilə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsinin başlıca istiqamətləri” təsdiq edilmişdir. "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri" Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə hərtərəfli düşünülmüş və təkcə qısamüddətli deyil, həm də orta və uzunmüddətli hədəflərə istiqamətlənməsini göstərir.
Sonra ADİU-nun Beynəlxalq İqtisadiyyat kafedrasının müdiri, professor İrşad Kərimli “Qlobal iqtisadi çağırışlar şəraitində iqtisadiyyatın raqəbətqabiliyyətliliyinin artırılmasının strateji əhəmiyyəti”, ADİU-nun Elm şöbəsinin müdiri, professor Zahid Məmmədov “Universitetlərdə elm və təhsil vəhdətinin yeni dizaynı: qlobal çağırışlar və aktual meyllər”, SDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Aynurə Yəhyayeva “Milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin artırılmasında investisiya amili”, SDU-nun Maliyyə və mühasibat uçotu kafedrasının müdiri dosent Loğman Abdullayev “Müasir şəraitdə ölkəmizdə ailə biznesinin inkişaf istiqamətləri”, SDU-nun İqtisadiyyat kafedrasının müdiri dosent Lalə Mahmudova “Yeni rəqabət şəraitində kiçik innovasiya biznesi” mövzularında çıxış edərək vurğuladılar ki, son illərdə uğurla həyata keçirilən islahatlar nəticəsində əldə olunmuş nailiyyətlər iqtisadi islahatları sürətləndirməyə və iqtisadi artımın davamlılığını təmin etməyə əlverişli şərait yaratmış, müsbət nailiyyətlərin davam etdirilməsi üçün zəruri olan sosial, iqtisadi, siyasi, hüquqi baza artıq formalaşdırılmışdır. İqtisadiyyatın prioritet sahələrinin inkişafı və əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması üçün müvafiq dövlət proqramları hazırlanmış və qəbul edilmişdir. Natiqlər onu da qeyd etdilər ki, Azərbaycan Respublikası iqtisadiyyatının rəqabətqabiliyyətliliyini yüksəltmək üçün müasir amillərin formalaşmasının gücləndirilməsi zəruridir. Bu əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması, Azərbaycan Respublikasının sosial-iqtisadi sabitliyi və milli təhlükəsizliyin təmin edilməsi üçün həlledici amildir.
Konfrans işini bölmə iclaslarında davam etdirdi.
Mətbuat xidməti