Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Universitetimizdə Azərbaycanın Dövlət Müstəqilliyi günü təntənəli qeyd olundu
Yerləşdirilmə tarixi : 18 Oktyabr 2017 14:49
Universitetimizdə Azərbaycanın Dövlət Müstəqilliyi günü təntənəli qeyd olundu

Oktyabrın 18-də Sumqayıt Dövlət Universitetində  Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 26-cı ildönümü - Dövlət Müstəqilliyi Günü qeyd olundu. Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanan  tədbiri  universitetin rektoru professor Elxan Hüseynov açaraq  bildirdi ki, xalqımız XX əsrdə iki dəfə öz müstəqil dövlətçiliyi üçün mübarizəyə qalxdı və əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətini elan etdi. Təəssüf ki, Demokratik Cümhuriyyət cəmi 23 ay yaşaya bildi. Nəhayət, bundan yetmiş il sonra xalqımız bir daha mübarizəyə qalxdı və itirdiyi müstəqilliyi 1991-ci ilin 18 oktyabrında “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nın qəbulu ilə bərpa etdi. Lakin Ermənistan tərəfindən torpaqlarımızın işğal edilməsi, iqtisadi böhran, səriştəsiz siyasətçilərin hakimiyyət davası müstəqilliyimizi sual altına qoyurdu. 
Məhz Ümummilli Liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Ölkədə hökm sürən xaos və anarxiya, iqtisadi, siyasi və mənəvi-psixoloji gərginlik aradan qaldırıldı. Dahi lider mürəkkəb geosiyasi məkanda Azərbaycan kimi müstəqil dövlət qurmağı bacardı. Uğurlu xarici siyasət nəticəsində 1994-cü il may ayının 12-də cəbhədə atəşkəsə nail olundu, 1995-ci il noyabrın 12-də müəllifi ümummilli liderimiz Heydər Əliyev olan müstəqil Azərbaycanın Konstitusiyasının qəbulu ilə ölkəmizdə yeni dövlət quruculuğunun və onun fəaliyyətinin hüquqi əsası yaradıldı. Beləliklə də Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması baxımından tariximizin ən məhsuldar dövrünün təməli qoyuldu.Bu gün Ulu öndərin müstəqilliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi istiqamətində yorulmaz fəaliyyətini onun layiqli davamçısı Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilən məqsədyönlü siyasət əminliklə deməyə əsas verir ki, Azərbaycanın müstəqilliyi əbədidir və dönməzdir!
Tədbirdə Tarix və coğrafiya fakültəsinin dekanı, prof. Adil Baxşəliyev “Azərbaycan xalqı Dövlət Müstəqilliyinin bərpası yollarında”, Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının dosenti Bəhram Məmmədli “Azərbaycan xalqının milli azadlıq hərəkatının başlanması”, Tarix və onun tədrisi metodikası kafedrasının müəllimi Sarvan Bədəlov “1991-1993-cü illərdə Azərbaycanda ictimai-siyasi vəziyyət”, Kimya və biologiya fakültəsinin II kurs tələbəsi Güluzə Xudayarova “Heydər Əliyev müstəqil  Azərbaycanın memarıdır” mövzularında məruzə ilə çıxış edərək vurğuladılar ki,  Azərbaycan xalqı öz milli-mənəvi dəyərlərinə, yaradıcı potensialına, vətənpərvərliyinə və qurub-yaratmaq əzminə arxalanaraq, misilsiz inkişaf yolu keçmişdir. Hər bir Azərbaycan vətəndaşı ürəkdən inanır ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev yürütdüyü müdrik siyasətlə müstəqil Azərbaycanın müasir və qüdrətli dövlətə çevrilməsini inamla təmin edəcəkdir. 
Sonda Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi gününə həsr olunmuş video çarx nümayiş etdirildi.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az