Təhsil Nazirliyinin təşkilatçılığı ilə Bakı Dövlət Universitetində doktorantların və gənc tədqiqatçıların XXI respublika elmi konfransı keçirildi.
Mərasimdə təhsil naziri cənab Mikayıl Cabbarov, ali təhsil müəssisələrinin rəhbərləri, tanınmış ziyalılar, doktorantlar və gənc tədqiqatçılar iştirak etdilər.
Konfransı giriş sözü ilə təhsil naziri cənab Mikayıl Cabbarov açaraq gənclərin tədqiqat işlərinə marağının və bu sahədə fəallığın artırılması istiqamətində görülən işlərdən danışdı. Bildirdi ki, elmi konfransın materiallarının Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dissertasiyaların əsas elmi nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlər siyahısına daxil edilməsi mühüm əhəmiyyət daşıyır. Təhsil naziri ölkə Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı, “Azərbaycan Milli Elmlər Akademiyasının gənc alimlərinin Avropanın elmi mərkəzlərində doktorantura təhsilinin maliyyələşdirilməsi”, “Gənclər üçün Prezident Mükafatının təsis edilməsi” və digər mühüm sənədlərin gənclərin yüksək qayğı ilə əhatə edilməsinə bariz nümunə olduğunu vurğuladı.Nazir yüksək səviyyəli mütəxəssis hazırlığının beynəlxalq standartlara və dövrün tələblərinə uyğunlaşdırılmasının zəruriliyini vurğulayıb, bununla bağlı ölkənin ali məktəblərində elmi potensialın mövcudluğunu qeyd etdi.
BDU-nun rektoru Abel Məhərrəmov, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, Azərbaycan Dövlət Neft Sənaye Universitetinin rektoru Mustafa Babanlı çıxış edərək gənclərin elmi tədqiqatlara cəlb olunmasının vacibliyini söylədi, son illərdə bu istiqamətdə atılan addımların təqdirəlayiq olduğunu bildirdilər.
Sonra BDU-nun , ADNSU-nun doktorantları çıxış etdilər.
Konfransda Sumqayıt Dövlət Universitetinin Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının müəllimi və doktorantı Günay Şükürova “Qloballaşan dünyada miqrasiya prosesləri”mövzusunda çıxış edərək Ermənistanın Azərbaycana təcavüzü nəticəsində bir milyondan çox soydaşımızın qaçqın və məcburu köçkün həyatı yaşadığını, Yaxın Şərqdə baş verən hadisələrlə bağlı Avropanın üzləşdiyi miqrant problemi məsələləri barədə geniş məruzə etdi.
Qeyd edək ki, 2 gün davam edəcək doktorantların və gənc tədqiqatçıların XXI respublika elmi konfransına 18 ali təhsil müəssisəsindən və AMEA-dan 400-ə yaxın tezis təqdim olundu. Məruzələrin dinlənilməsi üçün alimlərin rəhbərliyi ilə 14 bölmə yaradıldı. Qeyd edək ki, konfransın materialları BDU tərəfindən nəşr olunacaq.
Mətbuat xidməti