Oktyabrın 18-19-da Başqırdıstanın paytaxtı Ufa şəhərində Ufa Dövlət Neft Texniki Universitetinin (UDNTU) təşkilatçılığı ilə “Təhsil, elm və mədəniyyət sahələrində Rusiya-Azərbaycan əməkdaşlığının vəziyyəti və perspektivləri” mövzusunda II Forum keçirildi. Forumda 32 ölkədən – Əfqanıstan, Anqola, Benin, Vyetnam, Qana, Yunanıstan, Misir, Efiopiya, Hindistan, İraq, Yəmən, Kuba, Mozambik, Sierra-Leone, Tanzaniya, Türkiyə, İsveçrə, Azərbaycan, Belarusiya, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Ukrayna, Özbəkistan və s. 170-dən çox nümayəndə, o cümlədən Sumqayıt Dövlət Universitetindən Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının müəllimi Afət Rəfiyevanın rəhbərliyi ilə Filologiya fakültəsindən Nailə Zeynalova, Riyaziyyat fakültəsindən Ofeliya Səfərova, Fizika və elektroenergetika fakültəsindən Xəlil Sultanov iştirak etdilər.
Forumda UDNTU-nun rektoru Ramil Baxtizin çıxış edərək konfransın əhəmiyyətindən bəhs etdi. Rektor Rusiya və Azərbaycanda tolerantlıq və məhsuldar əməkdaşlıq baxımından gənc nəslin tərbiyəsində bu cür tədbirlərin böyük rolu olduğunu, ali təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğuladı və forumun keçirilməsi artıq ənənə halı aldığını qeyd etdi. Ramil Baxtizin Azərbaycanı təmsil edən yeganə ali təhsil müəssisəsindən – Sumqayıt Dövlət Universitetindən gələn nümayəndə heyətini forum iştirakçılarına təqdim etdi və iki universitet arasında yaranmış möhkəm dostluq münasibətlərindən söhbət açdı və forumda tələbələrin iştirak etmələrinə şərait yaratdığına görə universitetin rektoru professor Elxan Hüseynova dərin təşəkkürünü bildirdi.
Forumun ilk günü əcnəbi tələbələr arasında iki mərhələdə təşkil olunmuş respublika olimpiadasında tələbəmiz Nailə Zeynalova ikinci dərəcəli diplom və müxtəlif hədiyyələrlə təltif olundu. Qeyd edək ki, tələbələr birinci turda əvvəlcədən bəlli olmayan mövzuda inşa yazdı, ikinci turda isə şifahi şəkildə rus dilində yaradıcılıq işlərini təqdim etdilər.
Başqırdıstanın müxtəlif universitetlərinin müəllim və rəhbər işçilərinin də iştirakı ilə keçirilən dəyirmi masada Afət Rəfiyeva “Sumqayıt Dövlət Universitetində rus dilinin tədrisi məsələləri və perspektivləri” mövzusunda çıxış edərək, universitetdə Linqivistik mərkəzin fəalliyyət göstərdiyini və orada istedadlı tələbələr üçün müxtəlif xarici dillərin öyrənilməsinə şərait yaradıldığını qeyd etdi. O, həmçinin rus dilinin dünyadakı mövqeyindən bəhs edən diskussiyada fəal iştirak etdi. Gənc müəllimin çıxışı və fəal mövqeyi dəyirmi masa iştirakçılarının böyük marağına səbəb oldu.
Forumun ikinci günü “Rusiya və Azərbaycan xalqlarının dilləri: qarşılıqlı əlaqə və qarşılıqlı təsir” mövzusunda keçirilən online-festivalda tələbələr yaxın və uzaq xarici ölkələrdə – Azərbaycan, Qazaxıstan, Belarusiya, ərəb ölkələri, Afrika, Çin, Vyetnam, Monqolıstan və dünyanın digər bölgələrində dillərin xüsusiyyətləri və mədəniyyətlərinin özünəməxsusluğu ilə bağlı tədqiqatlarının nəticələrini təqdim etdilər. “Mənim Azərbaycanım” mövzusunda orijinal çıxışlarına görə universitetimizin tələbələri Ofeliya Səfərova və Xəlil Sultanov I dərəcəli diplom və hədiyyələrə layiq görüldülər. Qeyd edək ki, onların təqdimatlarında Azərbaycan xalq rəqsləri forumun ən parlaq çıxışı kimi qiymətləndirildi. Ümumilikdə universitet nümayəndə heyətinin hər çıxışı forumda böyük maraqla qarşılandı.
UDNTU-nun rektoru R.N.Baxtizin tərəfindən rektor prof. E.B.Hüseynova Təşəkkürnamə ünvanladı.
Mətbuat xidməti