Oktyabrın 27-də Elmi Şuranın növbəti iclası keçirildi. Rektor prof. Elxan Hüseynov iclası açaraq şura üzvlərini salamladı və Təhsil Nazirliyinin rəhbərliyi ilə keçirilən doktorantların və gənc tədqiqatçıların XXI respublika elmi konfransı haqqında məlumat verdi. SDU-nun doktorantlarının konfransda daha fəal iştirak etdiyini, xüsusilə də Tarix və coğrafiya fakültəsinin doktorantı Günay Şükürovanın plenar iclasdakı çıxışının universitet rəhbərləri tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırdı. Sonra gündəlikdə duran məsələlər müzakirə olundu.
Humanitar məsələlər üzrə prorektor dos. Ramiz Hüseynov Prezident cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq olunan “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsinin mühüm əhəmiyyəti haqqında danışdı. Bildirdi ki, bu gün Azərbaycan Respublikasında sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin daha fəal iştirakını təmin etmək məqsədilə görülən işlərin daha mütəşəkkil formada həyata keçirilməsini və müasir çağırışlara cavab verməsini tələb edir. Məhz buna görə də gənclərin maraqlarının təmin edilməsi və iqtisadi-siyasi, sosial-ictimai proseslərdə gənclərin potensialından geniş istifadə olunmasına əlverişli zəmin yaradılması zəruridir.
İqtisadi məsələlər üzrə prorektor Naib Hacıyev SDU-da qış mövsümünə hazırlığın vəziyyəti haqqında məlumat verdi. Bildirdi ki, universitetin hər üç tədris binasında istilik sistemi yenidən bərpa olunub. Həmçinin dam örtükləri və daxili istilik xətləri üzrə nəzərdə tutulmuş tədbirlər artıq başa çatmaq üzrədir.
Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbov Avropa İttifaqının ERASMUS + proqramının “PETRA” layihəsi çərçivəsində oktyabrın 16-dan 20-dək Macarıstanın Debrecen Universitetində “Azərbaycan universitetlərində təlim və tədrisin təkmilləşdirilməsinin təşviqi” mövzusunda keçirilən beynəlxalq seminarda iştirakının nəticələri barədə məlumat verdi. Bildirdi ki, beynəlxalq seminarda İqtisadi məsələlər üzrə prorektor Naib Hacıyev, Elmi hissənin müdiri Samir Orucov, Beynəlxalq əməkdaşlıq şöbəsinin əməkdaşı Samirə Məmmədova iştirak etmişdir. Seminarda Debrecen Universitetinin təlim – tədris, doktorantura təhsili, beynəlxalq əlaqələri, yay məktəbi, yeni texnologiyalarla təlim-tədris üzrə mövzuları müzakirə olundu. Onu da qeyd edim ki, nümayəndə heyətimiz tələbələrin bir çoxu ilə, o cümlədən orada təhsil alan azərbaycanlı tələbələri ilə görüşdü, doktorantların çıxışlarını dinlədi və digər tədbirlərdə fəal iştirak etdi.
Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının müəllimi Afət Rəfiyeva SDU-nun nümayəndə heyətinin Rusiyanın Ufa şəhərində “Təhsil, elm və mədəniyyət sahələrində Rusiya-Azərbaycan əməkdaşlığının vəziyyəti və perspektivləri” mövzusunda keçirilmiş II forumda iştirakının nəticələri barədə məlumat verdi.
Tədris vəsaitlərinə nəşr hüququ (qrif) verilməsi barədə Elmi katib prof. Muxtar Səmədov Elmi Şuraya üç dərs vəsaiti, bir metodik vəsait və bir fənn proqramının daxil olduğu barədə məlumat verdi. Bildirdi ki, tədris vəsaitləri uyğun kafedralarda və fakültə Elmi Şuralarında müzakirə olunub və universitetin Redaksiya və Nəşriyyat şurasının müvafiq bölmələrində eksperdizadan keçərək ekspert rəyi ilə Elmi Şuraya tövsiyə olunub
Sonda qarşıda duran cari məsələlər müzakirə olundu.
Mətbuat xidməti