Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun prorektoru Türkiyə universitetlərində ezamiyyətdə olmuşdur
Yerləşdirilmə tarixi : 06 Noyabr 2017 14:29
SDU-nun prorektoru Türkiyə universitetlərində ezamiyyətdə olmuşdur

Ramazan Məmmədov: Azərbaycan və Türkiyə ali təhsil müəssisələri arasında tələbə və təcrübə mübadiləsi, ikili diplomların verilməsi, təhsillə bağlı müzakirələr aparıldı

Türkiyə Cümhuriyyətinin İstanbul Universitetində Azərbaycan və Türkiyənin ali təhsil məktəbləri arasında əməkdaşlıq proqramına həsr olunmuş toplantı keçirilmişdir. Oktyabrın 30-da işə başlamış toplantıda Azərbaycandan 9 universitet (SDU, ADİU, ADMİU, ATU, BMU, TU, BDU, ADPU, ADAU), Türkiyədən4 universitet (İstanbul Universiteti, Sakarya Universiteti, Kosaeli Universiteti, Fatih Sultan Mehmet Vakif Universiteti) rektor və ya prorektor səviyyəsində təmsil olunmuşdu. Sumqayıt Dövlət Universitetini toplantıda Elm və innovasiyalar üzrə prorektor professor Ramazan Məmmədov təmsil etmişdir. İstanbul Universitetinin Rektorluq binasının Mavi Salonunda keçirilmiş konfransda bütün iştirakçılar çıxış etdilər. Çıxışlarda Azərbaycan və Türkiyə ali təhsil müəssisələri arasında əlaqələrin vəziyyəti, tələbə və təcrübə mübadiləsinin əhəmiyyəti, ikili diplomların verilməsi yolları, təhsillə bağlı əməkdaşlığın inkişafına mane olan məsələlər barədə müzakirələr aparıldı. Azərbaycan universitet rəhbərlərinin çıxışlarında nəzərə çatdırıldı ki, ümummilli lider Heydər Əliyevin möhkəm təməllər üzərində qurduğu təhsil siyasəti bugün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Bunun nəticəsidir ki, hazırda Azərbaycan universitetləri Almaniya, İngiltərə, İspaniya, Fransa, İtaliya, Rumıniya, Rusiya, Ukrayna, Belarusiya, Çin və digər ölkələrin ali məktəbləri ilə bərabərhüquqlu əməkdaşlıq edir. Qeyd olundu ki, Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq proqramının uğurlu gələcəyini təmin etmək üçün, ilk növbədə, diplomların qarşılıqlı tanınması, ortaq təhsil proqramlarının müəyyən edilməsi, nəzəri biliklərlə təcrübə arasında uyğunluğun təmin edilməsi istiqamətlərində irəliləyişlər olmalıdır. SDU-nun prorektoru prof. R.Məmmədov öz çıxışında konfrans iştirakçılarına təmsil etdiyi universitetdə təhsilin və elmi-tədqiqat işlərinin təşkili və universitetin xarici ölkələrin ali məktəbləri ilə əlaqələri barədə qısa məlumat verdi. Qeyd etdi ki, Sumqayıt Dövlət Universiteti Baloniya təhsil məkanına daxil olmuş, Avropa və Asiya ölkələrinin bir sıra universitetləri ilə sıx əməkdaşlıq əlaqələri qurmuşdur. Universitetdə tədris olunan bir neçə ixtisas Avropanın müstəqil akkreditasiya şirkətinin (ASİİN) beynəlxalq sertifikatına layiq görülmüşdür. SDU Azərbaycan-Rusiya Universitetləri Assosiasiyasının həmsədri, Xəzəryanı Ölkələrin Dövlət Universitetləri Assosiasiyasının üzvüdür. Universitetimiz Mövlanə proqramı çərçivəsində Türkiyənin bir sıra universitetləri ilə də əməkdaşlıq edir və bu əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Azərbaycan Respublikasının İstanbuldakı Baş konsulu Məsim Hacıyev və Türkiyədəki səfirliyimizin təhsil üzrə müşaviri Nəcibə Nəsirova, Türkiyə Maarif Fondunun İdarə Heyətinin üzvü Nədim Kaya və başqaları çıxışlarda qaldırılan məsələlərə münasibət bildirərək, iki qardaş ölkə universitetləri arasında əlaqələrin genişləndirilməsinin vacibliyini vurğuladılar. Konfransdan sonra, oktyabrın 30-da və sonrakı iki gün ərzində azərbaycanlı qonaqlar İstanbul şəhərində fəaliyyət göstərən bir neçə universiteti, o cümlədən təməli 1453-cü ildə qoyulmuş İstanbul Universitetini, 1773-cü ildə fəaliyyətə başlamış İstanbul Texniki Universitetini və Yıldız Texniki Universitetini ziyarət etmiş, kafedra və laboratoriyalarını gəzmiş, onların maddi-texniki bazaları ilə, tədris prosesinin və elmi-tədqiqat işlərinin idarə edilməsi, texnoparkların təşkili və bir sıra digər məsələlərlə tanış olmuşlar. Sonda qonaqlar 360-cı ildə tikilmış və sonralar da tikintisi zaman-zaman davam etdirilmiş, tarixin bütün mərhələlərində Türkiyə hökmdarlarının dini və irqi tolerantlığını əks etdirərək bugünədək saxladığı Ayasofya muzeyini ziyarət etdilər. Çox maraqlı və ibrətamiz haldır ki, bu möhtəşəm tarixi məbəd 916 il kilsə olaraq qalmış, 1453-cü ildən Fateh Sultan Mehmed tərəfindən İstanbulun fəthindən sonra camiyə çevrilərək 482 il ərzində cami kimi fəaliyyət göstərmiş, 1935-ci ildən isə Mustafa Kamal Atatürkün əmri ilə muzey kimi öz qapılarını ziyarətçilərin – dinindən və irqindən asılı olmayaraq bütün insanların– üzünə açmışdır.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az