Fevralın  5-də “Müasir  avtomatika texnologiyaları və problemləri” mövzusunda  texniki seminar keçirildi.
Professor, əməkdar müəllim Nadir Kazımov  seminar iştirakçılarını salamladı və çıxış üçün  sözü Mühəndislik fakültəsinin dekanı, dosent  Sabir Xəlilova verdi. O, bildirdi ki, bu gün respublikamızın  bütün sahələrdə sürətli inkişafı danılmazdır və bu inkişaf yüksələn xətlə davam  etməkdədir. Yeni islahatların həyata keçirilməsi respublikamızın gündəlik  həyatının ayrılmaz hissəsidir. “2015-2020-ci illərdə Azərbaycan Respublikasında  “Sənaye ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin  2014-cü il 10 yanvar tarixli 212 saylı  Sərəncamına və Azərbaycan Respublikası Prezidentinin 2014-cü il   26 dekabr tarixli Sərəncamı ilə təsdiq  edilmiş Dövlət proqramına uyğun olaraq Azərbaycan Respublikasında yeni sənaye  obyektlərinin yaradılması, yeni texnologiyaların tətbiqi nəzərdə tutulur. Bu  məqsədlə dünyada öz yeri olan və qabaqcıl şirkətlərdən biri sayılan Şneyder  şirkətinin dəstəyi ilə “Müasir avtomatika texnologiyaları və problemləri” üzrə  texniki seminar təşkil olunmuşdur. Bu seminara Azərbaycanın öndə gedən sənaye  obyektlərinin mütəxəssisləri dəvət olunmuşdur. Məqsədimiz bu sənaye obyektlərində  yeni texnologiyaların tətbiqi və onun metodikası, bu obyektlər üçün uyğun  mütəxəssislərin hazırlanması, istifadədə olunan yeni texnologiyalara servis  xidmətinin təşkil edilməsidir. Həmçinin universitetimizin aparıcı elmi  mütəxəssislərinin köməyi ilə yeni-yeni ideyaların və innovativ texnologiyalar  əsasında layihələrin hazırlanması üçün Şneyder şirkəti ilə birlikdə  müzakirələrin aparılmasına ehtiyac duyulur.
Şneyder Elektrik Şirkətinin Azərbaycan və Gürcüstan üzrə  nümayəndəsi Osman Şahin Şneyder şirkətinin ayrı-ayrı fərdlərə və  təşkilatlara enerjidən maksimum yararlanmağa imkan yaratmaq məqsədilə  Azərbaycanda öz Bakı nümayəndəliyi və bölüşdürmə partnyoru vasitəsilə fəaliyyət  göstərdiyini bildirdi.  Vurğuladı ki, 100-dən  çox ölkədə fəaliyyət göstərən  və enerji  idarə edilməsi sahəsində dünya üzrə mütəxəssis olan Şneyder Elektrikin 150 mindən  çox işçiləri vardır.   Bu gün  Azərbaycanda bir çox təhsil müəssisələri ilə,  o cümlədən Sumqayıt Dövlət Universiteti ilə də yeni ideyalar və layihələri  birlikdə icra etmək məqsədi ilə    əməkdaşlıq edirik.
Şirkətin Sənaye  Avtomatikası üzrə texniki-kommersiya mühəndisi Pünhan Seyidov  çıxışında   söylədi ki, bu gün təbiət resurslarından səmərəli istifadə, ətraf  mühitin qorunması, optimallığın təmini, enerjiyə qənaət kimi amillər  avtomatikanı günümüzün artan təlabatına çevirmişdir. SDU ilə əməkdaşlıqdan  danışan mühəndis universitetin nəzdində yeni bir  avtomatika və elektrik mühəndisliyi sahəsində  servis qrupu yaradılması istiqamətində işlər getdiyini söylədi.
Fizika və elektroenergetika fakultəsinin dekanı,  dosent Tamella Əhmədova SDU-da  elektrik mühəndisliyi, energetika  mühəndisliyi, istilik energetikası mühəndisliyi ixtisasları üzrə bakalavr və  magistr hazırlandığını bildirdi. Qeyd etdi ki, Azərbaycan Respublikasının  inkişaf strategiyası əsasında  elektrik  enerjisinin istehsalı, ötürülməsi, paylanması, müasir intellektual sistemlərin  və texnologiyaların tətbiqi vasitəsilə aparılır. Bu da  karyerasına yeni addım atmış hər bir gənc  mütəxəssisin Şneyder Elektrik kimi bu sahədə böyük təcrübəsi, nailiyyətləri  olan şirkətin dəstəyinə ehtiyacı var. Mən inanıram ki, əməkdaşlığımız ölkə  energetika sənayesinin inkişafına daha da təkan verəcək və bunun sayəsində  müasir texnolgiyalara yiyələnmiş mühəndis kadrlar yetişdirəcəkdir.  
Çıxışının sonunda dosent Tamella Əhmədova Şneyder şirkətinə  universitetlə əməkdaşlıq sahəsində bir sıra təkliflər irəli sürdü.
 İki paneldə davam etdirilən  seminarda AMEA-nın İdarəetmə  Sistemləri  İnstitutunun laboratoriya müdiri  Asif  Rzayev, Azərbaycan Dövlət Neft Akademiyasının professoru Əsgər Quliyev və  başqaları çıxış etdilər.
Mətbuat xidməti