Azərbaycanda davam edən təhsil islahatları sağlam və ədalətli rəqabətin artmasında, təhsilin keyfiyyətinin yüksəlməsində mühüm rol oynayır. Qloballaşma və dövlətlərarası inteqrasiya prosesinin sürətləndiyi bir şəraitdə təhsilin və elmin beynəlxalq standartlar səviyyəsində inkişaf etdirilməsi, təhsil müəssisələrinin beynəlxalq əməkdaşlığının genişləndirilməsi bu gün zamanın tələbinə çevrilmişdir. Aydındır ki, müxtəlif regionlarda yerləşən təhsil müəssisələri tədrisin təşkilində, elmi tədqiqat işlərinin istiqamətlərinin seçilməsində və kadrların hazırlanmasında müəyyən nailiyyətlər əldə etmişlər. Bu nailiyyətlərin qarşılıqlı öyrənilməsi və yaradıcı istifadə edilməsi əməkdaşlıq edən bütün tərəflər üçün çox faydalıdır.
Noyabrın 13-də Ufa Dövlət Neft Texniki Universitetinin Texnologiya fakültəsinin Neftkimya və kimya texnologiyaları kafedrasının müdiri professor Tatyana Prosoçkina Sumqayıt Dövlət Universitetinin Kimya və biologiya fakültəsində dekan dosent Mahal Muradovla, professor, müəllim və tələbə heyəti ilə görüşdü. Universitetimizdə olmağından məmnunluğunu ifadə edən professor təmsil etdiyi universitet haqqında geniş məlumat verdi və qeyd etdi ki, Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynovun Rusiya Federasiyası Ufa Dövlət Neft Texniki Universitetinin rektoru, Rusiya-Azərbaycan Universitetləri Assosiasiyasının Rusiya tərəfdən həmsədri, akademik Ramil Nazifoviç Baxtizinə Sumqayıt Dövlət Universitetinin “Fəxri doktoru” elmi adının verilməsi haqqında qərarı bizi çox sevindirdi. 2015-ci ildən universitetlərimiz arasında bağlanan əməkdaşlıq müqaviləsinə əsasən rəhbər işçilər, alimlər, tələbələr dəfələrlə ezamiyyətdə olur, elmi konfranslarda, Rusiya-Azərbaycan Universitetləri Assosiasiyasının Forumlarında, Tələbə Forumlarında iştirak edirlər. Azərbaycanın ali təhsil müəssisələrinin elm və təhsil sahələrində fəaliyyətləri, ölkəmizin tarixi və mədəniyyəti ilə tanış olurlar. Bu da, universitetlərimizin beynəlxalq əlaqələrinin inkişafına öz tövhəsini verir.
Kimya və biologiya fakültəsinin dekanı dosent Mahal Muradov qonağı salamladı və universitetdə görməkdən məmnun olduğunu bildirdi. Vurğuladı ki, Sumqayıt Dövlət Universitetinin təhsil sahəsində beynəlxalq əməkdaşlıq etdiyi istiqamətlərə nəzər yetirsək görərik ki, universitetimizin kifayət qədər nüfuzlu ali təhsil müəssisələri ilə geniş əlaqələri mövcuddur. Universitetimiz hal - hazırda Köln Texniki (Almaniya ), Qrats Texniki (Avstriya), Varşava Texnologiya (Polşa), Ufa Dövlət Neft Texniki (Rusiya), Samara Dövlət Texniki Universitetləri (Rusiya) və s. ilə ikitərəfli müqavilələrə malikdir. Dekan onu da qeyd etdi ki, SDU Rusiya və Azərbaycan Ali Məktəbləri Assosiasiyasının Azərbaycan tərəfindən həmsədri kimi fəaliyyət göstərir, keçirilən forum, konfrans, görüşlər elm, təhsil sahəsi üzrə əlaqələrimizin genişlənməsinə səbəb olub. Noyabrın 15-də keçiriləcək “Funksional monomerlər və xüsusi xassəli polimer materiallar: problemlər, perspektivlər və praktiki baxışlar” mövzusunda Beynəlxalq elmi konfrans elmimizin inkişafına böyük töhfələr verəcək.
Sonda professor Tatyana Prosoçkina Kimya və biologiya fakültəsinin tələbələri qarşısında “Müasir katalitik elmin əsas inkişaf istiqamətləri” mövzusunda mühazirə ilə çıxış etdi.
Mətbuat xidməti