Noyabrın 16-da Mühəndislik fakültəsinin təşkilatçılığı ilə Bayraq Günü, Azərbaycan Respublikasının Konstitusiya Günü və Milli Dirçəliş Günü münasibəti ilə tədbir keçirildi.
Dövlət Himnimiz səsləndirildikdən sonra Dövlət Bayrağımıza həsr olunmuş videoçarx nümayiş olundu.
Tədbiri giriş sözü ilə Mühəndislik fakültəsinin dekanı dosent Ulduz Ağayev açaraq müəllimləri və tələbələri bu əlamətlar günlər münasibətilə təbrik etdi. Qeyd etdi ki, Dövlət bayrağı xalqımızın qürur mənbəyidir. Bu qürur ondan irəli gəlir ki, hər bir dövlətin bayrağında onun tarixini əks etdirən rəmzləri, simvolları əks olunur.Dövlət bayrağı hər bir Azərbaycan vətəndaşı üçün müqəddəsdir və bu müqəddəslik nəsildən-nəsilə, əsrdən-əsrə keçərək öz əhəmiyyətini tarix boyunca saxlayır.
Daha sonra bildirdi ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti yarandı. Bunun üçün ulu öndər Heydər Əliyev başda olmaqla xüsusi komissiya yaradıldı, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə verildi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olundu.
Dosent Ulduz Ağayev onu da diqqətə çatdırdı ki, 1988-ci il noyabrın 17-dən başlanan meydan hərəkatı müstəqil Azərbaycanın təməlini qoydu, milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı qoyuldu.
Tədbirdə çıxış edən Mühəndislik fakültəsinin tələbələri, Aynur Nəbiyeva, Sənan Həsənov, Şəfiqə Kazımova, Araz Hilalov, Mircavid İbrahimov, Miralim Bağırov, Samirə İsmayılova, Aydan Musayeva və Fərid Məhərrəmov bu əlamətdar günlərin tarixi əhəmiyyətindən söhpət açaraq bildirdilər ki, Ulu öndər Heydər Əliyevin şah əsəri müstəqil Azərbaycan dövlətidir.
Azərbaycan tarixinin Heydər Əliyev dövrü təkcə sürətli inkişaf, yüksəliş anlayışları ilə səciyyələnmir. Bu, daha çox mahiyyətcə yeni dövrün, yeni tarixin formalaşması anlamına uyğun gəlir. Heydər Əliyev Azərbaycanın qədim və çoxəsrlik tarixinin yeni dövrünü, daha dəqiq desək, Azərbaycanın yeni tarixini yaratmışdır. Və heç şübhəsiz, bu dövrə, bu tarixə Heydər Əliyevin adı birdəfəlik həkk olundu. Biz inanırıq ki, Azərbaycan tarixinin Heydər Əliyev dövrü uzun zaman davam edəcək. Bu inam Heydər Əliyevin layiqli davamçısı Prezident cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin möhtəşəm uğurlarına, xalqın Prezidentə etimadının və dəstəyinin böyüklüyünə istinad edir.
Tədbirdə tələbələr müstəqilliyimizə, bayrağa həsr olunmuş şeirlər söylədi, vətənpərvərlik ruhunda mahnılar ifa etdilər. Sumqayıt şəhərinin 44 saylı uşaq bağçasının körpələrinin əllərində üçrəngli bayraqla zala daxil olması, işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda səsləndirdikləri şeirlər bir daha sübut edir ki, gələcəyimiz, üçrəngli bayrağımız, müstəqilliyimiz möhkəm təməl üzərində bərqarar olub.
Mətbuat xidməti