Noyabrın 18-də Sumqayıt Dövlət Universitetində “Sabahın alimləri” VII respublika müsabiqəsinə qatılacaq namizəd şagirdlərin seçim turu başladı. Sumqayıt şəhər şagirdlərinə rəhbərlik edən SDU-nun professoru Cavanşir Məmmədov gələcəyin alimlərini salamladı, bildirdi ki, Sumqayıt məktəbliləri müsabiqədə ürəkaçan nailiyyətlər əldə ediblər.Təhsil naziri cənab Mikayıl Cabbarovun tapşırığına uyğun olaraq universitetimizlə orta təhsil müəssisələri arasında əlaqələrimiz uğurla inkişaf edir, fakültələrimizdə müxtəlif ixtisaslar üzrə fənn olimpiadaları təşkil olunur, “Sabahın alimləri” müsabiqəsində şagirdlərin istedad, bacarıq və potensialının aşkara çıxarılması istiqamətində mühüm addımlar atılır. “Sabahın alimləri” dünyada ən nüfuzlu müsabiqələrdən biridir və hər il Amerika Birləşmiş Ştatlarında keçirilən İnternational Science and Engineering Fair (Intel ISEF)-Beynəlxalq Elm və Mühəndislik Sərgisinə həsr olunur. Təhsil nazirinin əmrinə əsasən, 2018-ci il fevralın 14-16-da “Sabahın alimləri” VII respublika müsabiqəsi təşkil ediləcək. “Sabahın alimləri” müsabiqəsinin təşkilatçıları Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsidir. Müsabiqənin əsas məqsədi IX-XI sinif şagirdlərinə tədqiqat aparmaq, öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı yaratmaq və onların arasından hər il ABŞ-da keçirilən İnteI ISEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisinə qatılacaq namizədləri müəyyənləşdirməkdir.Müsabiqə riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter kateqoriyaları üzrə təşkil olunur. Qeyd edək ki, “Sabahın alimləri” respublika müsabiqəsi 2012-ci ildən keçirilir.
Şəhərimizdə fəaliyyət göstərən məktəblərdən 150-dən artıq şagirdin qatıldığı seçim turu sınaq şəklində davam etdi.
Mətbuat xidməti