Noyabrın 24-də Sumqayıt Dövlət Universitetinin 55 illik yubileyinə həsr olunmuş “Mənim doğma universitetim” adlı esse yazı müsabiqəsinə yekun vuruldu.
Humanitar məsələlər üzrə prorektor dos.Ramiz Hüseynov çıxış edərək universitetin 55 illik yubileyinin şəhərin tarixində mühüm bir hadisə olduğunu və Azərbaycanın təhsil sistemində, o cümlədən Sumqayıtın ictimai-siyasi həyatında bu ali təhsil müəssisəsinin xüsusi yer tutduğunu bildirdi.Uğurlarının ilbəil artdığını qeyd edən prorektor bildirdi ki, universitetimizdə yaradılmış maddi-texniki baza, tədris prosesinə cəlb olunmuş professor-müəllim heyəti tədrisin səviyyəsini daim qaldırmağa, dünya standartlarına yaxınlaşdırmağa yönəlmişdir. Bu da siz tələbələrin yüksək səviyyədə təhsil almağınız üçün geniş imkanlar yaradır. Azərbaycanın mütləq bütün sahələrdə güclü peşəkar mütəxəssislər olmalıdır. İnanıram ki, ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafında Sumqayıt Dövlət Universitetinin yetirmələrinin bilik səviyyəsi mühüm rol oynayacaqdır. Universitetimizin əsas hədəflərindən biri də tələbələrə elm, bilik öyrətməklə yanaşı, həm də onları yüksək mənəviyyatlı, vətənimizə və xalqımıza layiq mütəxəssislər kimi yetişdirməkdir.
Dosent Ramiz Hüseynov onu da bildirdi ki, inşa-yazı müsabiqəsinin əsas məqsədi yaradıcı tələbələri aşkara çıxarmaqla yanaşı, tələbələrin yazı qabiliyyətini artırmaq, onların universitetlə bağlı fikirlərini və təkliflərini öyrənmək və müəllimlə tələbələrin bir-biri ilə qarşılıqlı informasiya mübadiləsini daha mükəmməl təşkil etməkdir.
Qeyd edək ki, müsabiqə iki mərhələdə aparıldı. Birinci mərhələdə 292 nəfərin yazdığı essedən 49 məqalə seçildi.
1saat ərzində baş tutan müsabiqə nəzarətçilərin iştirakı ilə tam şəffaf şəkildə həyata keçirildi. Münsiflər heyətinin qərarına əsasən, inşa yazı müsabiqəsində I yerə Filologiya fakültəsinin III kurs tələbəsi Elmira Yaqubova, II yerə Tarix və coğrafiya fakültəsinin IV kurs tələbəsi İsmayıl Faxtiyev, III yerə Kimya və biologiya fakültəsinin III kurs tələbəsi Günel Rəhimova layiq görüldülər.
Mətbuat xidməti