Ramiz Hüseynov: Əsas məqsəd istedadlı gənclərin üzə çıxarılmasıdır
Azərbaycan xalqının zəngin musiqisi qədim tarixə malikdir. Muğam Azərbaycanın milli sərvəti kimi dünya musiqi xəzinəsinin incisidir. İnsanların qəlbindən süzülən xalq musiqisi əsrlər boyu yaşamış, inkişaf etmiş, nəsildən-nəslə keçərək, bugünümüzə gəlib çatmışdır. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın birbaşa himayəsi ilə son illər Azərbaycanda muğam sənətinin qorunması, inkişafı və təbliği sahəsində böyük işlər görülür. Heydər Əliyev Fondu dünya mədəniyyətinin inkişafında, sivilizasiyalararası dialoqun möhkəmlənməsində böyük rol oynayır, humanist dəyərlərin, sülh və tolerantlığın yayılmasına, mədəniyyətlərarası dialoqun inkişafına əvəzsiz töhfələr verir. Azərbaycan muğamının UNESKO-nun bəşəriyyətin qeyri-maddi irsinin şah əsərləri siyahısına daxil olunması da bilavasitə bunun nəticəsidir. UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanımın təşəbbüsü ilə keçirilən Beynəlxalq Muğam Festivalı da Azərbaycan mədəniyyətinin, musiqisinin bütün dünyada tanıdılması, təbliği və sevilməsi istiqamətində mühüm tədbirlərdən biridir.Bu gün dövlətimizin mədəniyyətimizə, o cümlədən muğam sənətinə, onu yaşadanlara böyük diqqət və qayğısı onları yeni-yeni yaradıcılıq axtarışına həvəsləndirir.
Noyabrın 17-də Sumqayıt Dövlət Universitetinin 55 illik yubileyi münasibətilə tələbələr arasında bədii yaradıcılıq müsabiqəsinin yekun mərhələsi keçirildi.
Humanitar məsələlər üzrə prorektor dosent Ramiz Hüseynov tədbiri açaraq qeyd etdi ki, universitetimiz uğurlu inkişaf yolu keçərək 55 illik yubileyini qeyd etmək ərəfəsindədir. Bədii yaradıcılıq müsabiqəsi də 55 illik yubileyə həsr olunub. Əsas məqsəd universitetdə elm təhsillə yanaşı tələbələrin bədii-estetik səviyyəsinin yüksəldilməsi, qabiliyyətlərinin inkişaf etdirilməsi və istedadlı gənclərin üzə çıxarılmasıdır.
Prorektor müsabiqənin keçirilməsində əməyi olan hər kəsə, xüsusilə münsiflər heyətinə təşəkkür etdi və tələbələrə uğurlar arzuladı.
Müsabiqədə bütün fakültələrdən tələbələr rənarəng rəqslər, bədii qiraətlə, musiqi ifaları, səhnəciklərlə ilə, müxtəlif musiqi alətlərində ifalarla çıxış edərək öz bacarıq və istedadlarını nümayiş etdirdilər.
Seçimlər universitetimizin münsiflər heyəti - Həmkarlar İttifaqı Komitəsinin sədri dosent Elmar Xəlilov, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Nemət İbayev, Klubun müdiri Xalidə Quliyeva, Klubun bədii rəhbəri Zaur Səfərov, Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının baş müəllimləri Afaq Qəniyeva və Mahir Əlizadə aparıldı. Çıxışlardan sonra onlar tələbələrə tövsiyyələrini etdilər.
Müxtəlif nominasiyalar üzrə keçirilən müsabiqədə münsiflər heyətinin qərarı ilə Fizika və elektroenergetika fakültəsi I yerə, İqtisadiyyat və idarəetmə fakültəsi II yerə, Tarix və coğrafiya fakültəsi III yerə layiq görüldülər. Qaliblər diplom və pul mükafatı ilə təltif olundular.
Mətbuat xidməti