Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamları çox olmuşdur. Bunlar zaman-zaman gördükləri böyük işləri və əməlləri ilə yadda qalmış və unudulmamışlar. Belə tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının Ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin xüsusi rolu vardır.
Dekabrın 12-də Mühəndislik və Tarix və coğrafiya fakültəsinin təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Heydər Əliyev daim qəlbimizdə” adlı tədbir keçirildi.
Tədbiri Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbov açaraq Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Prorektor görkəmli dövlət xadimi, Ümummilli lider Heydər Əliyevin irsinin təbliği və xatirəsinin yad olunması məqsədi ilə keçirilən tədbirlərin əhəmiyyətindən bəhs etdi. Azərbaycan dövlətinin memarı və qurucusu, böyük siyasi xadim Heydər Əliyevin ölməz ideyaları, dövlətçiliyimizin möhkəmləndirilməsində əvəzsiz xidmətləri barədə geniş məruzə ilə çıxış edərək qeyd etdi ki, Heydər Əliyev böyük siyasət üçün yaranan, təkcə bir ölkə miqyasında yox, dünya əhəmiyyətli məsələlərin həllində qətiyyətli sözünü deyə bilən nadir siyasətçi idi. Onun bu sahədəki fitri istedadı və fövqəl qabiliyyəti, hadisələrin və tarixin gedişatını öncə görmək məharəti siyasət aləminə qədəm qoyduğu ilk günlərdən özünü büruzə vermişdi.
Tarix və coğrafiya, Mühəndislik fakültəsinin dekanları professor Adil Bəxşəliyev və dosent Ulduz Ağayev çıxış edərək qeyd etdilər ki, Ulu öndərin keçdiyi həyat yoluna, xalqımız qarşısında xidmətlərinə nəzər saldıqda görürük ki, Heydər Əliyev təkcə Azərbaycanın deyil, həmçinin, dünyanın nəhəng siyasətçilərindən biridir. Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövrdə apardığı uğurlu daxili və xarici siyasət dahi şəxsiyyətin müstəqillik, demokratiya, ədalətlilik, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlərin əsasını qoydu. Natiqlər Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı bütün uğurların Prezident cənab İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirildiyini və daha da zənginləşdirildiyini diqqətə çatdırdılar.
Sonra Tarix və coğrafiya fakültəsinin tələbələri Əli Miriyev “Heydər Əliyev və Azərbaycan gəncliyi”, Toğrul Əlizadə “Azərbaycanın qurucusu Heydər Əliyev” , Mühəndislik fakültəsinin tələbələri Şəfiqə Kazımova “Azərbaycan intibahının banisi” , İxtiyar İslamov “Azərbaycan müstəqilliyinin bərpası Heydər Əliyevin adı ilə bağlıdır” mövzularında çıxış edərək Ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti və Azərbaycan xalqı qarşısındakı böyük xidmətlərindən, Azərbaycanın dövlət müstəqilliyinin qazanılmasında və möhkəmləndirilməsində müstəsna rolundan, milli mənəvi dəyərlərimizin təbliği və qorunması sahəsində həyata keçirdiyi genişmiqyaslı tədbirlərdən, dövlət gənclər siyasətinin uğurlu nəticələrindən danışdılar. Mühəndislik fakültəsinin tələbəsi Miralim Bağırovun ifasında “Heydər Baba”, Tarix və coğrafiya fakültəsinin tələbəsi İbrahim Qaniyevin ifasında səsləndirilən “Xilaskar” şeirləri böyük rəğbətlə dinlənildi.
Tədbirdə əbədiyaşar liderin həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş etdirildi.
Mətbuat xidməti