Fevralın  13-də Sumqayıt Dövlət Universitetinin Heydər Əliyev Mərkəzində professor-müəllim  və tələbə heyətinin iştirakı ilə keçirilən növbəti məşğələ “Heydər Əliyev və  Azərbaycan təhsili” mövzusuna həsr olunmuşdu. 
Məşğələni  giriş sözü ilə açan universitetin rektoru Elxan Hüseynov qeyd etdi ki,  Azərbaycan xalqının ümummilli lideri, Ulu  öndərimiz Heydər Əliyev elə bir tarixi şəxsiyyətdir ki,  onun fəaliyyəti, gördüyü işlər və Azərbaycan  xalqı qarşısında əvəzsiz xidmətləri, böyük fenomenin zəngin irsi nə məkana, nə  zamana sığan deyil. Böyük dahi şəxsiyyətlə bağlı zaman –zaman belə məşğələlər  keçirilsə belə yenə mən deyərdim azdır. Böyük şəxsiyyət Heydər Əliyevin istər  keçmiş İttifaq dönəmində, istərsə də müstəqillik dövründə bütün sahələrdə  olduğu kimi Azərbaycan təhsilinə də göstərdiyi diqqət və qayğı xalqımızın  tarixi yaddaşında əbədiyaşarlıq qazanmışdır. Keçmiş  Sovet İttifaqı dönəmində Azərbaycanın  gələcəyini düşünən Heydər Əliyev gəncləri ölkənin müxtəlif ali məktəblərinə,  ilk növbədə Moskva, Leninqrad, Kiyev, Minsk və digər şəhərlərə təhsil almağa  göndərdi. Həmin gənclərlə Heydər Əliyevin görüşlər keçirməsi ənənə halını  almışdı. Hər görüşlərində Azərbaycanın xoşbəxt gələcəyini düşünən dahi  şəxsiyyət öz nitqlərində tələbə və aspirantlara elmlərə dərindən yiyələnməyi  tapşırırdı. 1969-1982-ci illərdə SSRİ-nin 50 şəhərinin 170 ali məktəbinə 250  ixtisas üzrə on beş min gənc göndərilmişdi. İndi bu mütəxəsisslər Azərbaycan  Respublikasının iqtisadiyyatının müxtəlif sahələrində çalışırlar. Hərbi təhsil  və hərbi kadrların hazırlanması işinə xüsusi diqqət yetirən Heydər Əliyev  gəncləri təhsil almaq üçün SSRİ-nin ali hərbi məktəblərinə göndərirdi. 1973-cü  ildə böyük çətinliklərlə üzləşməsinə baxmayaraq Ulu Öndərimiz uzaqgörənliklə  Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəbi açmağa nail oldu. Moskvadan  Azərbaycana göndərilən hərbiçilərdən ibarət komissiya belə bir məktəbə ehtiyac  olmadığını bildirsədə, Heydər Əliyevin mahir diplomatiyası onların bu cəhdlərinin  qarşısını aldı. Beləliklə hələ keçmiş ittifaq dövründə Azərbaycan üçün milli  hərbi kadrların hazırlanmasına başlandı. Bu gün ordumuzun qüdrətliliyi və  möhtəşəmliyi də orduquruculuğunda vaxtilə bu hərbi məkəbi bitirən kadrlarımızın  fəal iştirakının nəticəsidir. Bugün hər birimiz böyük fəxrlə deyə bilərik  ki, qüdrətli şəxsiyyətin layiqli davamçısı  İlham Əliyev tərəfindən iqtisadiyyat, mədəniyyət, gənclər, idman, səhiyyə  sahələri ilə yanaşı təhsil sahəsi də uğurla inkişaf etdirilir. Ölkə başçısı  İlham Əliyevlə bərabər Heydər Əliyev Fondunun Prezidenti, YUNESCO və İSESCO-nun  xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təhsilimizin  inkişafında, məktəblərin infrastrukturunun yeniləşdirilməsi sahəsində müstəsna  xidmətləri vardır. Mehriban xanımın “Yeniləşən Azərbaycanın yeni məktəb”  siyasəti bugün də uğurla davam etdirilir. 
Məruzə ilə  çıxış edən Tarix və coğrafiya fakültəsinin dekanı, professor Adil Baxşəliyev  qeyd etdi ki, savadlı və elmli xalqların qurduğu dövlət uzunömürlü, güclü,  ədalətli olur. Bütün bu həqiqətlərin fövqündə dayanan Ulu Öndər Heydər Əliyev  1969-2003-cü illərdə Azərbaycan xalqının maariflənməsinə, məktəbə, kadr  hazırlığına, bütövlükdə təhsilə xüsusi diqqət yetirmişdir. Təhsil sahəsində  yeritdiyi siyasət onun böyük maarifçi və milli kadrların hazırlanması sahəsində  böyük strateq olduğunu göstərir. Heydər Əliyevin Azərbaycanda təhsili inkişaf  etdirmək sahəsində fəaliyyətinin başlıca istiqamətlərindən biri yeni məktəb  binalarının tikilməsi və məktəb yaşlı şagirdlərin təhsilə cəlb edilməsi  olmuşdur. Ümumtəhsil məktəblərinin sayı 3 dəfə artaraq 765-dən 2117-ə  çatmışdır. 1969-1982-ci illərdə 350 min şagird yeri olan 849 məkəb tikilmişdir.  Bu dövrdə 5 yeni ali məktəb açılmış, ali təhsil müəssisələrində tələbələrin  sayı artaraq 70 mindən 100 minə çatmışdı. Məktəbəqədər tərbiyə müəssisələrinin  sayı 1600-dən 1875-ə çatdı. Ümumiyyətlə 1982-ci ilədək məktəb binalarının  tikintisi və uşaqların məktəbə cəlb edilməsi geniş vüsət almışdır. Heydər  Əliyevin yaratdığı müstəqil Azərbaycan Respublikası möhkəmlənir, inkişaf edir,  dünyanın sayılan sivil dövləti kimi şöhtrətlənir. Ümumilli liderin varisi ölkə  başçısı cənab İlham Əliyev respublikamızın bütün problemlərini həll etməklə Azərbaycanı  dünyanın ən qüdrətli dövlətlərindən birinə çevirmişdir.
Məşğələdə Fəlsəfə və hüquq  kafedranın müdiri professor Həsən Sadıqov, Azərbaycan tarixi kafedrasının  müdiri Əmirxan İsayev çıxış edərək Ümumilli Lider Heydər Əliyevin Azərbaycan  təhsilinin inkişafında olan tarixi xidmətlərindən danışdılar. Heydər Əliyev  Mərkəzində belə məşğələlərin ardıcıl olaraq keçirilməsi və bu məşğələlərdə  tələbələrin də çıxışlar etməsi tövsiyə olundu.
Mətbuat xidməti