Dekabrın 14-də universitet üzrə tyutorların seminarı keçirildi. Seminarın keçirilməsində məqsəd, tədrisin gedişində, tələbələrin kredit sistemi haqqında maariflənməsində və universitetin ictimai-siyasi həyatında tyutorların rolunun daha da təkmilləşdirilməsidir.
Seminarı giriş sözü ilə Kimya və biologiya fakültəsinin tyutoru Pənah Şirinov açaraq seminar iştirakçılarını salamladı və seminarın gündəliyində duran 2017/2018-ci tədris ilinin payız semestrində tədrisin gedişi və tyutorların bu prosesdə iştirakı, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24 dekabr 2014-cü il tarixli 348 saylı qərarına, 14 iyun 2016-cı il 257 saylı qərar ilə edilmiş dəyişikliklər və əlavələr, Tədris prosesində meydana çıxan problemlərin həllində tyutorların rolu, Tələbələrlə müntəzəm iş aparılması (tyutorlar tərəfindən) və digər məsələlər haqqında iştirakçılara məlumat verdi. Qeyd etdi ki,
2005-ci il mayın 19-da Norveçin Bergen şəhərində keçirilən konfransda Azərbaycan Respublikası rəsmi olaraq Boloniya prosesinə qoşulmuşdur və bununla da təhsilimizin Beynəlxalq təhsil sisteminə inteqrasiyasında mühüm addım atılmışdır. Boloniya prosesinin əsas tələblərindən biri də təhsil müəssisələrində kredit sisteminin tətbiqidir. Bununla bağlı olaraq ölkəmizin ali təhsil sisteminin beynəlxalq təhsil məkanına qoşulması üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmrinə əsasən 2005/2006-cı tədris ilindən başlayaraq ali məktəblərdə kredit sistemi tətbiq olundu. Kredit sistemi ilə təhsil alan tələbələrə köməklik göstərmək məqsədi ilə ali təhsil müəssisələrində, o cümlədən Sumqayıt Dövlət Universitetində də akademik məsləhətçilər (tyutorlar) xidməti təşkil olunmuşdur. Pənah Şirinov rektor, professor Elxan Hüseynovun gərgin əməyi sayəsində universitetimizdə tədrisin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində aparılan uğurlu islahatlardan söz açdı və tyutorlara yaratdığı şəraitə görə hörmətli rektora seminar iştirakçıları adından təşəkkürünü bildirdi.
Mətbuat xidməti