Dekabrın 19-da Filologiya fakültəsinin Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının baş müəllimi Afiqə Alıyevanın təşəbbüsü və təşkilatçılığı ilə görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi münasibətilə keçirilən tədbir əsl saz-söz bayramına çevrildi. Azərbaycan Respublikası Prezidenti möhtərəm İlham Əliyevin 12 yanvar 2017-ci il tarixli sərəncamı ilə Vaqifin 300 illik yubileyi təntənənli şəkildə qeyd olunur. Bu görkəmli şairin adı YUNESKO-nun “2016-2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri” proqramına daxil edilmişdir ki, bu da Azərbaycan poeziyasına verilən böyük qiymətdir. Çox fərəhli haldır ki, YUNESKO-da M.P.Vaqifin 300 illiyinin dünya miqyasında qeyd edilməsi ilə bağlı qərar qəbul olunmuşdur. Türksoy xətti ilə Vaqifin yubileyi Astanada geniş qeyd olunmuşdur. Ümumiyyətlə, bu yubiley həm respublikamızda, həm də respublikamızın hüdudlarından kənarda yüksək təntənə ilə keçirilir. Filologiya fakültəsinin tələbələrinin hazırladıqları yubiley tədbiri də bu baxımdan çox maraqlı keçdi. Gözəllik və şeriyyət vurğunu Vaqifin yaradıcılığından bir sıra nümunələri tələbələr böyük sevinc hissi ilə ifa etdilər. İsmayılova Fatimə, Cabbarlı Səbinə, Əliyeva Əfsanə, Məmmədzadə Samirə, Mustafayeva Rəmayə, Həsənzadə Həsən, Quliyev Mütəllim, Hacıyeva Aişə, Abasquliyeva Xanımnazın Vaqif yaradıcılığından söylədikləri şeirlər dinləyicilərin ürəyincə oldu. Magistrantlar Qənbərov Saməddin və Məmmədov Tahirin Səməd Vurğunun “Vaqif” dramından Vaqiflə Qacarın qarşılaşması səhnəsi yüksək istedadla nümayiş olundu. Əkbərova Günayın şairin “Durnalar” qoşmasına bəstələnmiş mahnını, Quliyev Mütəllimin sazda “Ruhani”, Həsənzadə Həsənin tarda “Qarabağ” havalarını ifa etmələri Vaqif poeziyasına tükənməz məhəbbətin bariz nümunəsi oldu. Tədbirdə Vaqifin yaradıcılığı haqqında tələbələrin çıxışları onun həyata nikbin baxışlarını, poeziyasının mahiyyətini tutarlı şəkildə əhatə etdi. Baş müəllim Afiqə Alıyeva XVIII əsr türkmən şairi Məxdumqulu Fəraqi ilə Molla Pənah Vaqifin yaradıcılığındakı paralelləri tədbir iştirakçılarının nəzərinə çatdırdı.
Professor Avtandil Məmmədov çıxışında son bir neçə ildə universitetdə maraqlı və silsilə tədbirlərin keçirildiyini qeyd etdi. Bildirdi ki,universitetin rəhbərliyinin diqqət və qayğısı sayəsində keçirilən belə tədbirlər milli-mənəvi dəyərlərimizə verilən ən böyük ehtiramdı. Professor gələcəkdə də bu cür tədbirlərin keçirilməsinin zəruriliyini vurğuladı, kollektiv adından yaradılan yüksək şəraitə görə rektor professor Elxan Hüseynova dərin minnətdarlığını bildirdi.
Mətbuat xidməti