Dekabrın 19-da Linqvistik Mərkəzin təşkilatçılığı ilə “Biz ingilis dilində danışırıq” mövzusunda tədbir keçirildi.
Tədbiri Elm və İnnovasiyalar üzrə prorektor, professor Ramazan Məmmədov açaraq qeyd etdi ki, ingilis dilini bilmək müasir dövrün əsas tələblərindən biridir. Lakin dili öyrənməyin əsası insanın istəyindən asılıdır. Demək olar ki, hamı ingilis dilini öyrənmək istəyir, ancaq ən başlıca səbəb ingilis dilini öyrənmək istəyənin motivasiyalı olmasıdır. O zaman hər bir insan istəyinə nail ola bilər. Müstəqil Azərbaycan təhsil sisteminin qarşısında duran mühüm missiya yüksək səviyyəli elmi kadr potensialının hazırlanmasıdır ki, bu gün Sumqayıt Dövlət Universitetində bu proses uğurla həyata keçirilir. Hal-hazırda universitetimiz yüksək ixtisaslı kadrlarla təmsil olunur ki, bu da bir sıra yeni ixtisasların açılmasına və tədrisinə imkan yaradır. Prorektor onu da vurğuladı ki, universitetimiz beynəlxalq əlaqələrin qurulması istiqamətində də mühüm addımlar ataraq Xəzəryanı Dövlət Universitetləri və Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyalarının üzvüdür. SDU-nun Köln Texniki (Almaniya), Qrats Texniki (Avstriya), Varşava Texnologiya (Polşa), Ufa Dövlət Neft Texniki (Rusiya), Samara Dövlət Texniki Universitetləri (Rusiya) və s. ilə ikitərəfli müqavilələri mövcuddur. Bu da əlaqələrimizin genişlənməsinə, elmimizin inkişafına böyük töhfələr verir. Nümayəndə heyətimiz keçirilən forum, konfrans və görüşlərdə müntəzəm iştirak edir, tələbə və müəllim mübadiləsinin həyata keçirilməsi, ikili diplom proqramlarının reallaşdırılması, birgə elmi konfransların və seminarların təşkili, qarşılıqlı faydalı təcrübə mübadiləsinin aparılması istiqamətində uğurlar əldə edir. Linqvistik Mərkəzdə təcrübə keçən tələbələrimiz Rusiya Federasiyasının Voronej şəhərində Voronej Dövlət Meşə Texniki Universitetinin, Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçirilən “A 3rd International School and Conference on Optoelectronics, Photonics, Engineering and Nanostructures – Saint Petersburg OPEN 2016” adlı beynəlxalq konfranslarda müvəffəqiyyətlə iştirak etmiş, diplomlarla təltif olunmuşlar.
Linqvistik Mərkəzin rəhbəri Alik Abdullayev çıxışında qısa müddət ərzində mərkəzdə görülən işlərdən, fəaliyyətə başladığı müddət ərzində rus və ingilis dillərində tələbələrərimiz və əməkdaşlarımız üçün təşkil olunan kursların əhəmiyyətindən danışdı. Uğurlu nailiyyətlərimiz üçün Linqvistik Mərkəzin kolektivi adından təntənə ilə qeyd etdiyimiz Sumqayıt Dövlət Universitetinin 55illik yubileyi münasibəti ilə professor-müəllim və tələbə heyətini təbrik etdi, mərkəzdə yaradılan şəraitə görə universitetin rektoru professor Elxan Hüseynova dərin minnətdarlığını bildirdi.
Tədbir bədii hissə ilə davam etdi. Tələbələr ingilis dilində Michael Jacksonun “We are the World” musiqisini ifa etdi, Sumqayıt Dövlət Universiteti haqqında təqdimatla çıxış edərək “Tarixi dəyişən hadisələr” ,“Yerin geoloji tarixi və strukturu”, “İnsan bədənindəki mineralların əsas funksiyaları”, “Məşhur riyaziyyatçılar” mövzusunda prezentasiyalar nümayiş etdirdilər. Tədbirdə Linqvistik Mərkəzin dil kurslarına qoşulan müəllimlərin təbrik videoları nümayiş olundu, tələbələr ingilis dilində mahnı, rəqslər ifa edərək, müxtəlif oyunlar və viktorinalar keçirdilər.
Fakültə dekanları və müəllimlər tələbələrin ingilis dilində çıxışlarını yüksək qiymətləndirdi və onlara uğurlar arzuladı.
Mətbuat xidməti