Dekabrın 21-də İqtisadiyyat və idarəetmə fakültəsinin təşkilatçılığı ilə 2-ci kurs tələbələri arasında Karusel üsulu ilə bilik yarışı keçirildi.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirildikdən sonra tədbiri Humanitar məsələlər üzrə prorektor dosent Ramiz Hüseynov açaraq qeyd etdi ki, Sumqayıt Dövlət Universiteti yeni inkişaf mərhələsini şərəflə addımlayır. Qətiyyətlə deyə bilərəm ki, universitetimizin keçdiyi yol zəngin maarifçilik ənənələrinə malik olan Azərbaycan ali təhsil sisteminin yeni inkişaf tarixidir. Sumqayıt Dövlət Universiteti inkişafı ilə yanaşı, milli şüurun formalaşmasında, gənclərin vətənpərvər ruhda tərbiyə olunmasında, peşəkar kadrlar hazırlanmasında mühüm xidmətlər göstərir. Bu gün Sumqayıt Dövlət Universitetinin məzunları öz ixtisaslarını bilməklə yanaşı dövlətçilik təfəkkürü və Azərbaycançılıq məfkurəsi ilə zənginləşmiş yeni nəsildir.
Prorektor ölkə başçısının “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramının əhəmiyyətindən söz açaraq bildirdi ki, Prezident cənab İlham Əliyev tərəfindən yeni imzalanmış Dövlət proqramı sənədi də “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası əsasında hazırlanıb. Dövlət Proqramının qəbul edilməsi Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu gənclər siyasətinin daha bir uğurudur. Ölkə Prezidenti cənab İlham Əliyevin respublikamızda təhsilin inkişafı və insan kapitalının formalaşdırılması sahəsində müəyyənləşdirdiyi tədbirlərə uyğun olaraq universitetimizdə genişmiqyaslı layihələr həyata keçirilir. Bugünkü bilik yarışının keçirilməsində də məqsəd gənclərin asudə vaxtlarını səmərəli təşkil etmək, intellektual səviyyəsini, dünya görüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, iqtisadiyyatımızı daha da dərindən öyrənməkdən ibarət olduğunu diqqətə çatdırdı.
Bilik yarışında 4 komanda Mühasiblər, Biznesmenlər, İqtisadçılar, Marketoloqlar komandaları biliklərini sınadılar, Mühasiblərlər komandası qalib gəldi. Qeyd edək ki, ev tapşırıqları bölməsində tələbələr onlara verilən mövzuları prezentasiyalar şəklində təqdim etdilər.
Qalib gələn komandanı İqtisadiyyat və İdarəetmə fakültəsinin dekanı dosent Aynurə Yəhyayeva təbrik edərək bu tip yarışların tələbələr üçün vacib olduğunu və gələcəkdə də silsiləli şəkildə keçiriləcəyini qeyd etdi. Universitetdə tələbələrin hərtərəfli inkişafı üçün yaradılan şəraitə görə rektor professor Elxan Hüseynova təşəkkürünü bildirdi.
Mətbuat xidməti