Dekabrın 20-də Sumqayıtdakı Heydər Əliyev Mərkəzində şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına əsasən şəhər tələbələrinin “Xəmsə Kuboku” bilik yarışması keçirildi.
Baş İdarənin nəzdində fəaliyyət göstərən Sumqayıt İntellektual Klubunun hakimlərinin idarəçiliyi ilə keçirilən yarışda tələbə-gənclərdən ibarət 12 komanda iştirak etdi. Ümumilikdə hər komandada 6 nəfər olmaqla, 72 tələbə-gənc qalib adı uğrunda mübarizə apardı.
Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayan yarışı Gənclər və İdman Baş İdarəsinin rəis əvəzi Mübariz Bəşirov açaraq iştirakçıları salamladı. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətindən, gənc nəslə göstərilən diqqət və qayğıdan danışdı.
Qeyd olundu ki,yarışın keçirilməsində məqsəd “Azərbaycan gəncliyi 2017 – 2021-ci illərdə” Dövlət Proqramından irəli gələn vəzifələri icra etmək, gənclərin intellektual səviyyəsini, dünyagörüşünü genişləndirmək, zehni inkişafını stimullaşdırmaq, onlar arasında elmin nüfuzunu artırmaq, asudə vaxtlarını səmərəli təşkil etməkdir. Bildirildi ki, Sumqayıtda da gənclərin hərtərəfli inkişafı üçün əlverişli şərait yaradılıb.
Gərgin bilik mübarizəsi şəraitində keçən yarışın yekununda I yerə Sumqayıt Dövlət Universitetinin “Səfəvi” komandası layiq görüldü. II yeri Sumqayıt “ASAN xidmət” Mərkəzinin “Mübariz”, III yeri isə Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin eyniadlı komandası tutdu.
Qalib komandalar Baş İdarənin kubok, Fəxri fərman, medal və xatirə hədiyyələri ilə təltif olundu.
Mətbuat xidməti