Dekabrın 26-da universitetdə Heydər Əliyev məktəbinin “Heydər Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi gününün təsisçisidir” mövzusunda məşğələ keçirildi. Universitetin rektoru, professor Elxan Hüseynov tədbiri giriş sözü ilə açaraq bildirdi ki, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günüdür. Bu tarix milli birliyin yaradılmasının başlanğıc nöqtəsidir. Azərbaycan xalqı bütün tarixi boyu böyük sınaqlardan keçib. Tarixi Azərbaycan torpaqlarının şimal hissəsinin Rusiyaya birləşdirilməsindən sonrakı dövr ərzində, eləcə də bütün iyirminci əsr boyu belə sınaqlarımız çox olub.Neçə-neçə soydaşlarımız öz doğma dədə-baba yurdlarından didərgin düşüblər. Vətəndən uzaqda yaşayan azərbaycanlılar arasında həmrəyliyin, strateji məqsəd birliyinin yaradılması və möhkəmləndirilməsi son dərəcə zəruri idi. Məhz buna görə də dahi şəxsiyyət, ulu öndərimiz Heydər Əliyev bütün fəaliyyəti dövründə digər sahələrlə yanaşı, dünyanın müxtəlif ölkələrindəki soydaşlarımızla əlaqələrin qurulmasına, onların milli həmrəyliyinin təmin olunması məsələsinə də diqqət yetirmiş, bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirmişdir.
Rektor onu da vurğuladı ki, 1990-1993-cü illərdə Naxçıvandan başlanan Heydər Əliyevin xilaskarlıq missiyasının əsas qayəsini xalqımızın vahid ideologiya ətrafında birləşməsi təşkil edirdi. Məhz buna görə də 1991-ci il dekabrın 16-da Ümummilli Liderimizin rəhbərliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında “31 Dekabr - Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərar qəbul olundu. Rektor vurğuladı ki, Dünya azərbaycanlılarının birliyi, soydaşlarımızın həmrəyliyi ideyası ümummilli lider Heydər Əliyevin xalqımız və Vətənimiz qarşısında göstərdiyi tarixi xidmətlərindən biridir. Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dünya azərbaycanlılarının təşkilatlanması sahəsində uğurlu nəticələr əldə olunur. Hər il dekabrın 31-də azərbaycanlıların yaşadığı bir çox xarici ölkələrdə Dünya Azərbaycanlılarının Həmrəylik Gününün bayram kimi geniş qeyd edilməsi də bu siyasətin və milli həmrəyliyin nəticəsidir. Artıq bu bayramı dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyona yaxın azərbaycanlı qeyd edir.
Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının professoru Şirxan Səlimov “Heydər Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi gününün təsisçisidir”, Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, professor, əməkdar jurnalist Aftandil Məmmədov “Diaspor təşkilatları ilə mədəni əlaqələr Azərbaycanın Dövlət siyasətinin prioritet sahəsi kimi”, Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının dosenti Bəhram Məmmədli “İlham Əliyev Dünya azərbaycanlılarının həmrəyliyi siyasətinin davamçısıdır”, Filologiya fakültəsinin II kurs tələbəsi Qəmər Mahmudova “Dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmlənməsində ədəbiyyat və mətbuatın rolu”, Riyaziyyat fakültəsinin IV kurs tələbəsi Leyla Hüseynova “Azərbaycan Respublikası dünyada yaşayan azərbaycanlıların vətənidir” mövzularında məruzə ilə çıxış edərək bildirdilər ki, ümummilli lider Heydər Əliyev xalqımızın milli həmrəyliyə nail olmasında, dünyada Azərbaycan diasporunun formalaşmasında və təşkilatlanmasında misilsiz xidmətlər göstərib. Qeyd olundu ki, Ulu öndər 1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra azərbaycançılığı nəinki dövlətçilik konsepsiyasına, hətta bütün dünyada yaşayan azərbaycanlıların ümummilli ideologiyası səviyyəsinə yüksəltdi. Natiqlər çıxışlarında vurğuladılar ki, hansı ölkədə yaşamasından asılı olmayaraq, qəlbi Azərbaycanla döyünən hər kəs həmrəyliyini nümayiş etdirir və etdirməlidirlər.
Mətbuat xidməti