Dekabrın 25-də Bakı Mühəndislik Universitetinin Xarici əlaqələr üzrə prorektorluğunun təşkilatçılığı ilə “Milli Erasmus+” ofisi ilə birgə “Erasmus+” layihələri barədə məlumatlandırma günü keçirildi. Tədbirdə Azərbaycan Təhsil Nazirliyinin, Azərbaycanın ali təhsil müəssisələrinin nümayəndələri və Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin təmsilçiləri ilə birgə Sumqayıt Dövlət Universitetinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri dosent Turqay Hüseynov, şöbənin metodisti Samirə Məmmədova, Proseslerin avtomatlaşdırılması kafedrasının müdiri professor Cavanşir Məmmədov və TEC-in sədri Lalə Bünyatova iştirak etdilər.
Tədbiri Bakı Mühəndislik Universitetinin rektoru, prof. Havar Məmmədov açaraq hələ fəaliyyətinin bir ili tamam olmayan BMU-nun xarici əlaqələrindən və bu əlaqələrin qurulmasında Erasmus+ kimi beynəlxalq proqramlarda universitetin rolundan bəhs etdi. Daha sonra Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas şöbəsinin müdir müavini Şahin Bayramov çıxış edərək Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası və ondan irəli gələn məsələlər haqqında danışdı. Qeyd etdi ki, bu cür tədbirlərin tez-tez keçirilməsi universitetlərin beynəlxalq layihələr haqqında vaxtında məlumatlanmalarında mühüm rol oynayır.
Avropa İttifaqının nümayəndəsi Elnarə Tağıyeva tədbirin təşkili üçün BMU –nun rəhbərliyinə təşəkkür etdi. O, Avropa İttifaqının təhsilin inkişafına xüsusi diqqət yetirdiyini və layihələrdə Azərbaycan universitetlərinin iştirak statistikası haqqında məlumat verdi. Erasmus+ Bakı ofisinin rəhbəri Pərviz Bağırov Erasmus+ proqramının milli nümayəndəliyinin fəaliyyəti, hədəf qrupları, ümumi məqsədləri və universitetlərlə əlaqələri barədə məlumat verərək bildirdi ki, ölkəmiz 1995-ci ildən beynəlxalq təhsil layihələrinə qoşulmuş və indiyədək Azərbaycandan 45 iri layihə bu proqram vasitəsi ilə həyata keçirilib.
Tədbir məruzəçilərin proqram haqqında məlumatlandırıcı çıxışları ilə davam etdi.
Mətbuat xidməti