Fevral ayının  18-də SDU-nun Elmi Şurası səs çoxluğu ilə öz işinə başladı. İclası giriş sözü ilə açan sədr Elxan Hüseynov elmi şura  üzvlərini salamladı və universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri,  dosent Turan Cəfərovun və Tələbə Elmi Cəmiyyətinin sədri Nurlan Səmədlinin müxtəlif  formalarda hazırladıqları universitetin yeni   loqosu haqqında fikir mübadiləsi aparıldı.
  Fizika və  Elektroenergetika fakültəsinin dosenti Samir Orucov Təhsil Nazirliyinin Heydər Əliyev Mərkəzində  keçirdiyi "Sabahın alimləri" IV Respublika  müsabiqəsində Sumqayıt Dövlət Universitetinin   professor-müəllim heyətinin rəhbərliyi altında şagirdlərin müsabiqədə  qazandıqları uğurları haqqında  danışaraq bildirdi ki müsabiqəyə təqdim  olunan 19  layihədən 6-sı yer tutaraq  biri   ikinci yerə, beşi isə üçüncü yerə layiq görülmüşdür. Samir Orucov  layihədə tələbələrin  iştiraklarına şərait yaratdığına və dəstəyinə görə rektor Elxan Hüseynova  öz dərin təşəkkürünü bildirdi. 
  Tədris hissəsinin  müdiri, dosent İsabal Qurbanov Sumqayıt Dövlət Universitetində bakalavr səviyyəsi  üzrə payız imtahan sessiyasının nəticələri barədə, Qiyabi, distant və əlavə təhsil  üzrə prorektoru Qafar Atayev 2014-2015-ci tədris ilində bakalavr səviyyəsi üzrə  qiyabi təhsil alan tələbələrin payız imtahan sessiyasının yekun nəticələri  haqqında məlumat verdilər.
  Doktorantura  və magistratura şöbəsinin müdiri, dosent Natiq Talıbovun Magistr səviyyəsi üzrə  payız imtahan sessiyasının nəticələri barəsində məruzəsi dinlənildi.  
  2014-2015-ci  tədris ilinin yaz semestrində qarşıda duran vəzifələr və 2015-2016-ci tədris  ili üçün bakalavr, magistrant, doktorant və dissertantların qəbul planları  haqqında şura üzvləri fikir mübadiləsi apardılar.
  Elm və  innovasiyalar üzrə prorektor, professor Ramazan Məmmədov Yunanıstan Makedoniya  Universitetində “Əlilliyi olan insanların Azərbaycanın ali təhsil müəssisələrinə  cəlb olunmasının  təməlinin qoyulması”  layihəsi çərçivəsində  keçirilən elmi-nəzəri  seminarda iştirakının hesabatını verdi.
  Cari məsələlərin  müzakirəsi zamanı İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Bəsti Orucəliyevanın  və  dekan müavini Hicran Köçərlinin payız  imtahan sessiyası zamanı yol verdikləri ciddi nöqsanlara görə işdən azad  olunmaları barədə şura üzvləri yekdilliklə qərar qəbul etdilər. Rektor Elxan  Hüseynov eyni zamanda şura üzvlərinə İqtisadiyyat və idarəetmə fakültəsinə yeni  təyin olunmuş Aynurə Yəhyayevanı təqdim etdi və ona işlərində uğurlar arzuladı.  Aynurə Yəhyayeva isə ona göstərilən etimada görə sədr Elxan Hüseynova və Elmi  Şuranın üzvlərinə minnətdarlıq etdi.
Müsabiqələrin keçirilməsi və elmi adların verilməsindən  danışan Elmi katib Aqil Hüseynov Fizika və elektroenergetika fakultəsinin  dekanı Tamella Əhmədovanın doktorluq işinin adında qismən dəyişiklik edilməsi  haqqında şura üzvlərinin münasibət bildirmələrini  xahiş etdi və şura üzvləri yekdilliklə dəyişikliyi  qəbul etdilər.
Mətbuat xidməti